Uşaqların boy artımına təsir edən mənfi amillər


"Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir".

usaqlarin-boy-artimina-tesir-eden-menfi-amiller
30.09.2022 12:17 2 dəq oxuma

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, uşaq orqanizmi fizioloji xüsusiyyət etibarı ilə böyüməyə proqramlaşıb: "Buna görə də deyə bilərik ki, boyun uzanmasına müsbət təsir edən amillərin çatışmazlığı elə özü əsas mənfi təsirdir. Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir".

Həkim qidalanma və idmanın boy uzanmasına təsiri ilə bağlı suala cavab olaraq bildirib ki, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir: "Bir tərəfdən həddindən artıq şirniyyat yemək qida rasionunda digər zəruri qidaların yerini tutduğu üçün inkişaf problemləri əmələ gətirə bilər. Digər tərəfdən, tərkibində qeyri-sağlam doymuş yağlar olan qidalar (məsələn, "fast food") uşaqlarda piylənmə kimi xəstəliklərin yaranmasına səbəb olur. Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir. Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə santimetr artıq olur. Amma bu idmanlardan boy uzatma baxımından fantastik nəticə gözləmək düzgün deyil".

A.Əkbərzadə vurğulayıb ki, əgər uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır: "Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilər. Eyni zamanda, professional idmanla məşğul olan uşağın düzgün dietoloq konsultasiyası alması məsləhətdir. Əks təqdirdə bu şəkildə kontrolsuz professional idman boya mənfi təsir göstərə bilər". //Report.az