Uşaqların dişləri çəkilə bilərmi?


Süd dişləri töküləcək, müalicəyə ehtiyac yoxdur?!

usaqlarin-disleri-cekile-bilermi
24.03.2022 23:45 2 dəq oxuma

Körpəliyindən etibarən uşaqların diş sağlamlığına diqqət etmək vacibdir. Əks halda yaranmış diş çürüməsi dişin tez itirilməsinə, yaxşı qidalanmamaya, estetik problemlərə, danışmada pozulmalara gətirib çıxarır.

Bundan başqa, barmaq əmmək, əmzikdən istifadə, ağızdan nəfəs almaq, atipik udqunma (udqunma zamanı dilin alt və ya üst ön dişlərin arasına girməsi) kimi vərdişlər müalicə edilmədikdə çənə və üzün inkişafına mənfi təsir edir.

TurpKimi.com bildirir ki, uşaqların diş müalicəsiylə bağlı insanlar arasında doğru bilinən bəzi yanlışlar vardır. Məsələn, deyilir ki, süd dişləri töküldüyü üçün onları müalicə etməyə ehtiyac yoxdur. Əslində necədir? Süd dişləri çeynəmə, danışma və estetik funksiyalarla yanaşı, onları əvəzləyən daimi dişlər üçün düşdüyü vaxta qədər olduğu yeri qoruyurlar. Gec müalicə edildikdə süd dişlərinin vaxtından əvvəl itirilməsinə, qalıcı dişlərin isə çıxmasında problemə səbəb olur.

Amerika Uşaq Stomatologiya Akademiyası (AAPD) ilk diş müayinəsinin ən gec 1 yaşında edilməsini tövsiyyə edir. Bu şəkildə uşağın dişlərinin inkişafı yaxından müşahidə edilir və valideynlər yarana biləcək problemlərdən vaxtından əvvəl məlumatlanmış olurlar.

Həmçinin yanlış olaraq bildirilir ki, süd dişlərinə kanal müalicəsi edilməməlidir, çünki daimi dişə zərər verir. Əksinə müalicə edilən süd dişi ağızda qalır. Həm çeynəməyə, həm də gələcəkdə yerinə çıxacaq daimi dişin yerinin qorunmasında vacib əhəmiyyət daşıyır. Belə ki, süd dişlərində yaranan çürük sürətlə irəliləyərək dişin sinirlərinin olduğu yerə kimi çata bilir. Ağrı, şişkinlik kimi problemlər yaradır. Belə halda dişin kanalını da müalicə etmək lazımdır. Bundan başqa, daimi dişlə süd dişinin kökləri arasında  hər hansı bağlantı yoxdur. Ona görə də edilən müalicə daimi dişlərə zərər vermir.

Uşaqlar daim inkişafda və böyümə tempində olduqları üçün çənə də sürətlə formalaşır. Çənənin formalaşması dişlərlə əlaqəlidir. Odur ki mütəxəssislər, uşaqların istər ön, istərsə də arxa dişlərinin çəkilməsini tövsiyyə etmir. Əks halda ağızda estetik problemlərə səbəb olur.

Firuzə Alimova / TurpKimi.com