Ailədə inam və təhlükəsizlik mühiti yaradın...
"Dünyanı öyrənmə prosesində olan uşaqlar istər-istəməz bəzi valideynləri narahat edən suallarla qarşılaşırlar. Bu işdə əsas səhv valideynlərin mövqeyidir ki, onlar belə bir sualı cavabsız qoyurlar. Belə bir vəziyyətdə dürüst və açıq olmaq çox vacibdir".
TurpKimi.com xəbər verir ki, bu fikirləri psixoloq Kira Qoldşteyn “Gazeta.Ru”ya müsahibəsində səsləndirib.
“Uşaqlar qadağan kimi görünən hər şeylə maraqlanırlar. Bu, qətiyyən ona görə deyil ki, uşaqlarımız pisdir. Bu ona görədir ki, onlar böyüyürlər, dünya maraqlı və müəmmalı olur və təbii ki, bütün suallara, hətta ən çətin suallara belə cavab almaq istəyirlər”, - deyə ekspert izah edib.
Onun sözlərinə görə, əgər valideynlər uşağın bəzi suallarına cavab verməsələr, bu, onun özünə inamına, xüsusən də həmyaşıdları ilə ünsiyyətə mənfi təsir göstərə bilər. Buna görə də, zarafatlardan və misallardan çəkinmədən uşağınızla onun səviyyəsində narahatedici, utandırıcı mövzular haqqında danışmağa başlamaq vacibdir. Həmçinin ailənin digər üzvləri ilə də belə suallara cavab strategiyası hazırlamaq lazımdır. Bundan əlavə, uşağı internetdə məlumat tapmasına görə cəzalandırmaq və ya danlamaq lazım deyil.
“Ailədə inam və təhlükəsizlik mühiti yaradın ki, uşaq öz maraqlarını və təcrübələrini bölüşə bilsin. Övladınızın müzakirə olunan məsələlərlə bağlı öz fikri ola biləcəyinə hazır olun. Və unutmayın ki, narahatedici suallara düzgün cavab yoxdur”, - Qoldşteyn fikirlərini yekunlaşdırıb.
Firuzə Alimova / TURPKİMİ.COM