Peyğəmbərimizin tövsiyyəsi nə olub?
1 – Onlarla az danışıb daha çox anlamağa çalışın. Anlamadan anlaşılmağı gözləməyin. Bunun üçün uşaqları gözəl və dolğun şəkildə dinləməyi də unutmayın.
2 – Söz verdiyiniz şeyləri mütləq etməyə çalışın. Onlar əsla deyilənləri unutmazlar.
3 – Uşaqlar işarə barmaqlarınızı deyil, ayaq izlərinizi təqib edərlər. Yəni hərəkətlər sözlərdən daha yüksək səslə danışır. Etdikləriniz, əməlləriniz sözlərinizdən daha təsirlidir.
4 – Onlara toxunun, sığallayın, qucaqlayın, ünsiyyət qurun. Məlum, Uca Allah qollarımızı sarılmaq üçün yaradıb. Bu gün Avropada bir çox həkim reseptə dərman yerinə sevdiklərinizə, uşaqlarınıza səhər 3 dəfə, günorta 3 dəfə, axşam 3 dəfə sarılın yazır.
5 – “Niyə” sualı əvəzinə, “nə, necə” sualları verin. “Bunu niyə etdin?, niyə əsəbisən?” və sair kimi suallar uşaqlara mühakimə və təhdid edərmiş kimi gəlir. Bunun yerinə “nə oldu?, necə oldu?” kimi suallar soruşaraq onların hiss və düşüncələrini öyrənərək, özlərinin problemdən həll yolu tapmalarına, düşüncə güclərini inkişaf etdirmələrinə kömək edin.
6 – Onları tənqid edərkən şəxsiyyətini deyil, etdiyi hərəkəti tənqid edin. Məsələn; “sən axmağın birisən” sözlərinin yerinə, “bu hərəkət düzgün deyildi” kimi tənqid edin. Həmçinin tərifləyərkən də eyniylə...
7 – Övladınızı başqa uşaqlarla müqayisə etməyin. Hər uşaq ayrı bir dünyaya sahibdir. Ayrı qabiliyyəti, ayrı zəkası və ayrı ruhları vardır. Ona görə də uşaqları müqayisə etməkdən vaz keçin. Bu, böyük insanlara belə pis təsir edir.
8 – Səhvlərini üzlərinə vurmaq yerinə, onlara yaxın olun. Dünyada səhvsiz 2 insan vardır: biri ölüb, digəri hələ doğulmayıb. Səhvləri üzə vurmaq insanda müqavimət gücü yaradır.
9 – İş-gücü, problemləri müəyyən vaxtda dayandırın. Onlarla gəzin, dolaşın, uzanın, yıxılın... Düzdü, 21-ci əsr bizə münasibətlərin deyil, işin daha vacib olduğunu təlqin edir. Hansı ki, uşaqların ana-ataları ilə daha yaxın olmalarına və vaxt keçirmələrinə ehtiyacları vardır.
10 – Ana-ata olaraq əsla mələk roluna girməyin. Çünki siz də səhv edə bilərsiniz. Hər şeyin qüsursuz, səhvsiz olması düşüncəsini pəncərədən aşağı atın.
11 – Peyğəmbərimizin gözəl bir taktikası var: “kimin evində uşaq varsa, onunla uşaqlaşın” deyərdi. Övladlarınızla uşaqlaşmağı əsla unutmayın və bunu etməkdən vaz keçməyin.
12 – Məktəbdən gələn uşağınıza dərs və tapşırıqlardan əvvəl ilk sözünüz, ilk sualınız bu olsun: “Bu gün doya-doya oynadınmı?” Oyun uşaqlar üçün qida kimi vacib bir ehtiyacdır. Məlumdur ki, günümüzdə uşaqlar ağ beton divarlar arasında sıxışıb qalıb. Onlardakı böyük enerji heç cür atılmır.
13 – Düşüncələrini dəyişdirmədən heç vaxt davranışlarını dəyişdirməyə çalışmayın. Yəni, əvvəlcə qəlbini, könlünü fəth edin, davranışlar isə bunun sayəsində öz-özünə dəyişəcəkdir.
14 – Uşağınıza sevgini şərtli öyrətsəniz, o da sizi şərtlə sevər. Məsələn; səni sevərəm, əgər ağıllı uşaq olsan...cümləsinin sizə qayıdacaq cavabı “mənim istədiklərimi etsən, mən də səni sevərəm” olacaq.
15 – Diqqətin dərəcəsini yaxşı tənzimləyin. Çünki həddindən artıq diqqət laqeydlik qədər zərərlidir. Necə ki, dərmanın azı fayda verməz, amma çoxu da zərərlidir.
Unutmayın, yüz il bundan əvvəl olduğu kimi, müasir dövrdə də insanların qəlbinə girməyin yeganə yolu gülümsəmədə, isti bir sözdə, incəlikdə gizlidir. Uşaqlar həyatımızın fotoqraflarıdır. Necə dayansaq, şəklimiz də elə alınacaq!
Psixoloq Nevzat Özer
Yazılıb: 20.02.2021
Firuzə Alimova / TurpKimi.com