Güclü vasitə olduğu üçün qeyd edilən qaydalara əməl etmək lazımdır.
Türkiyədə yaşayan tanınmış azərbaycanlı kosmetoloq və kimyaçı Şəms Arslanın üz dərisinə faydalı olan maskasını təqdim edəcəyik.
TurpKimi.com xəbər verir ki, gözəllik mütəxəssisi Şəms Arslanın dediyi kimi uzun illər istifadə edəcəyiniz bu maska çox asan hazırlanır.
Bunun üçün bizə qatıq və düyü unu və ya düyü nişastası (kraxmal) lazım olacaq. Düyü unu əvəzinə, buğda, qarğıdalı nişastasından da istifadə etmək olar. Amma bu vasitələr yalnız normal dərilərdə bərpaedici təsir göstərir. Lakin düyü unu güclü ağardıcı vasitə olduğu üçün ondan istifadə etmək məsləhətlidir.
Bir qaba 1 xörək qaşığı qatıq qoyulur. Üzərinə düyü unu və ya düyü nişastası əlavə edilib taxta qaşıqla yaxşıca qarışdırılır. Krem şəklinə düşəndən sonra fırçayla təmiz üzə çəkilir.
Qeyd edilir ki, ağardıcı vasitə güclü olduğundan əvvəlcə həftədə 2 dəfə olmaqla 5 dəqiqədən artıq üzdə saxlanılmamalıdır. Bunu 1 ay bu şəkildə davam edin. Dəriniz maskaya uyğunlaşandan sonra 10 və ya15 dəqiqə, yəni üzünüzdə quruyana kimi saxlamaq olar. Lakin maskanı yumaq olmaz. Onu əlinizin içiylə dairəvi şəkildə üzdən ovub tökmək lazımdır. Bundan sonra ya buz dənələri və ya buz kimi soyuq su ilə yuya bilərsiniz.
Şəms Arslan onu da bildirib ki, 2 məhsuldan hazırlanan maskanı adi bir şey zənn etməyin, çünki çox güclü vasitədir. Ona görə də maskadan yalnız günün ikinci yarısından sonra və yay fəslinə kimi istifadə etmək məsləhətlidir.
Yazılıb: 22.03.2021-ci il
Firuzə Alimova / TurpKimi.com