Maskadan istifadə etməzdən əvvəl dərinizi təmizləyin.
Üz dərisini təmizləmək, təravətliliyini artırmaq bəzi dəri növləri üçün heç də asan olmur.
Bəs dəridəki məsamələri necə kiçiltmək və təmizləmək olar? Yaxşı olar ki, məsamələri sıxlaşdıracaq maskadan istifadə etməzdən əvvəl dərinizi təmizləyin. Çünki məsamələrin içi dolu olduqda, onların sıxlaşması xeyli çətinləşir. Bunun üçün dəri növünüzə uyğun maska və ya pilinqdən istifadə edin.
Qeyd edək ki, dərini təmizləməzdən əvvəl buxar vannası və ya isti kompres edilməlidir. Bu proseslərdən sonra artıq dərinizi təbii yollarla sıxlaşdıra bilərsiniz. Ən çox istifadə edilən üsul buz və mineral sudur.
Ümumiyyətlə, üz dərisi üçün kimyəvi maddələrdənsə, təbii və zərərsiz vasitələrə üstünlük verilməlidir. Bunun üçün 1 çay qaşığı yaşıl gil, 3 damcı limon suyu, 1 yumurta sarısı, 3 damcı küncüt yağını qarışdırıb üzünüzə çəkin. Bu vasitə həm dəridəki yağları tənzimləyir, həm də qara nöqtələri azaldır.
Bu maskadan müntəzəm istifadə edildiyi halda, faydalı tərkibi ilə məsamələri kiçildəcəyinə şübhəniz olmasın. Tərkibində yağ olmasına baxmayaraq, bəzi insanların dərisində quruluq yarada biləcəyi üçün prosedurdan əvvəl və sonra nəmləndirici kremdən istifadə etmək lazımdır.
Maskanı hazırlayarkən məhsullar təzə olmalıdır. Üzünüzə sürtəndən sonra maskanın qalığını saçlarınızın dibinə də çəkə bilərsiniz. Çünki artıq qalan qarışığı saxlayıb növbəti dəfə istifadə etmək məsləhət görülmür.
Firuzə Alimova / TurpKimi.com
04-04-2021