Valideynləri boşanmış uşaqların yaşadığı problemlər - Nəyi necə etməli?


Psixoloq Sona Davudova uşaqların boşanmadan zərər görməməsi üçün vacib olanları açıqladı.

valideynleri-bosanmis-usaqlarin-yasadigi-problemler
29.07.2019 12:22 2 dəq oxuma

“Müasir cəmiyyətdə cütlüklər müxtəlif səbəblərdən dolayı boşanma qərarı ala bilərlər. Hər iki tərəf üçün yetəri qədər ağrılı olan bu dövrdən uşaqlar da təsirlənir və psixoloji travmalar ala bilir”.

Bu haqda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Sona Davudova TurpKimi.com-a danışıb. Sona xanım qeyd etdi ki, boşanma zamanı qarşılaşılan ən böyük problemlərdən biri uşaqlardan gələn reaksiyalardır:

“Uşaq, yaşı neçə olursa olsun boşanmadan əvvəl hazırlanmalıdır. Bundan sonrakı prosesin necə işləyəcəyi, kimin yanında qalacağı, digər valideyni nə zaman necə ünsiyyət saxlayacağı və ən əsası ana-atanın ayrılmasının uşaqdan da ayrılmaq olmadığı uşağa açıqlanmalı və davranışlarla da göstərilməlidir.  Çünki uşaqlar  özlərinin hər hansı mənfi davranışını valideynlərinin boşanma səbəbi olaraq görüb, günahkarlıq duyğusuna qapıla bilərlər.

-Bu halda ilk olaraq görüləcək şey valideylərin özləri tərəfindən uşağa xüsusi həssaslıqla bu xəbərin verilməsidir.

-Valideyn danışarkən uşağın yaşını və otaqda tək olmalarını nəzərə almalıdır.

-Valideynlər boşanmalarında uşaqların günahı olmadığını, əvvəlki kimi onlara diqqət göstərəcəklərini, onları birlikdə böyütməyə davam edəcəklərini uşağa bildirməli və buna əmin etməlidirlər.

-Uşağa da hisslərini ifadə etmək hüququ verilməli, sualları varsa cavablandırmalıdır. Belə bir qərar böyük ehtimalla uşaq tərəfindən yetkinliklə qarşılanmayacaqdır. Valideynlər buna hazırlıqlı olmalıdır”.

BOŞANMADAN SONRA...

Boşanma mərhələsində və ya sonra uşağınızda bir sıra psixoloji problemlərə, ya da daha öncə görmədiyiniz davranış formalarına rast gələ bilərsiniz. Belə vəziyyətlərdə sakit olun, uşağınızın üstünə getməyin. Onunla onun hisslərini bölüşməyə çalışın, ona tək olmadığını hiss etdirin və bunu dilə gətirin. Çünki belə hallar uşaqlarda çox vaxt yalnızlıq, daxili qorxu və təşvişlə mübarizə apara bilməmə hallarında ortaya çıxır. Uşağınızın bu prosesdən əziyyət çəkməsinə yenə də mane ola bilmədiyinizi düşünürsünüzsə mütləq bir mütəxəssisdən dəstək alın.

Müşahidələr göstərir ki, boşanma uşağın kiçik yaşlarına və yeniyetməlikdən sonrakı dövrlərinə təsadüf edirsə, problemlərin yaranma ehtimalı daha az olur. 5-8 yaş arasındakı uşaqlar, valideynlərin yoxluğunu daha dəqiq olaraq hiss edər və sorğu-sual başlayar. Bu mövzuda diqqətə çarpan şəkildə reaksiya verər. Tez-tez digər valideynlərin niyə evə gəlmədiyini soruşar.

Hətta boşanmadan sonra belə uşaqlar yenidən valideynlərinin birləşəcəyi ümidi ilə yaşayırlar. Bunu nəzərə alaraq boşanmadan sonra uşağın yeni həyata tez-tələsik alışmasını gözləmək haqsızlıq olar. Uşaqlar ancaq həyatının yolunda getdiyini, ana, ya da atalarının dinc olduğunu, özlərinin eşidilib başa düşüldüyünü hiss edərlərsə vəziyyətə alışmaları daha problemsiz və asan olacaqdır. Bunun üçün də zamana ehtiyacları var. Bundan başqa uşağın valideyni haqqında səsləndirdiyi fikirlərə, onunla görüşünə, zaman keçirməsinə hər iki tərəfin də hörmətlə yanaşması lazımdır.

Valideynlər unutmamalıdırlar ki, boşanmaqla onlar yalnız ər-arvad statusunu itirirlər, valideyn statusunu isə ömür boyu daşıyırlar”.

Firuzə Alimova / TurpKimi.com