Yemək yeməyə məcbur etmək, evliliyinizi ikinci plana atmaq, ya da hər şeyi onlar üçün etmək...
TurpKimi.com mütəxəssislərin araşdırmalarına əsasən valideynlərin bilmədən uşaqlara verdiyi zərərlər haqda maraqlı bilgiləri oxucuları ilə bölüşür.
Ana, ata olmaq yaşayaraq öyrənilən bir təcrübədir. Körpənizi qucağınıza aldığınız andan etibarən uzun illərə səyahət başlayar. Hər bir valideyn övladının ən yaxşı şərtlərdə böyüməsini istəyər, ona görə də əlindən gələn hər şeyi etməyə çalışar. Bəzən böyüklər valideyn olaraq özlərinin yaxşı bildiyi şeyləri uşaqlara aşılamağa çalışarlar, əslində isə bu davranışları ilə onlara zərər verərlər. Uşağın etibarını zədələdiklərindən isə xəbərsiz olarlar.
Sağlam və xoşbəxt bir uşaq böyütmək bu 8 davranışdan qaçınmaq lazımdır.
Uşağınız üçün "hər şeyi" etmək
Valideynlərin çoxu uşaqlarına "böyük işləri" yükləməkdən qaçınar. Halbuki, kiçik öhdəliklər, vəzifələr uşağınızın bacarıqlarını inkişaf etdirməsinə kömək edərək sərbəst olmasını dəstəkləyər. Gördükləri işin sizin üçün də faydalı olduğunu görmək onların özünəinamlarının inkişafına kömək edər. Unutmayın, bu uşağınıza zərər verən bir davranış deyil.
Evliliyinizi ikinci plana atmaq
Cütlüklərin çoxu ailəyə yeni bir körpə qatıldıqda birlikdə keçirdiyi əyləncəli vaxtlara vida etmiş olur. Ancaq uşağa baxmaq münasibətlərinizin ölməsi üçün bəhanə deyil. Mütəxəssislər xüsusilə də yuxu saatlarına diqqət etməli olduğunuzu məsləhət görür. Beləliklə, həm bir-birinizə vaxt ayıra, həm də ertəsi günə dinc oyana bilərsiz.
Uşağınızı yemək yeməyə məcbur etmək
Əlbəttə, bütün valideynlər uşaqlarının sağlam bəslənməsini istəyərlər. Uşaqları tərəvəz və meyvə yeməyə məcbur etmək isə əks təsir yaradar. Yemək yeməyə məcbur edilən uşaqlar yeməkdən daha çox qaçarlar. Mütəxəssislər sağlam yeməkləri əyləncəli hala gətirərək uşağınızın diqqətini çəkməyi təklif edirlər. Əlavə olaraq yeməkləri birlikdə hazırlamaq da uşağınızı yeni ləzzət dadmağa təşviq edəcək.
Səy göstərməyi yox, bacarığı təqdir etmək
Uşağınıza müəyyən bir mövzuda bacarıqlı olduğunu söyləmək, əlbəttə onu motivasiya edər və uğur qazanmasına dəstək olar. Ancaq bunu edərkən bu yolda çəkdiyi zəhməti, verdiyi əməyi də görməməzlikdən gəlməməlisiniz. Mütəxəssislər uşağınızın səy göstərməsini, çalışqanlığını təqdir etməyinizi deyir. Yalnız bacarıqlara əhəmiyyət vermək narsist bir şəxsiyyət yetişdirməyinizə səbəb ola bilər.
Uşağınızın həyatındakı bütün problemləri həll etmək
Faydadan çox zərər verən bir başqa davranış isə uşaqların həyatlarındakı bütün problemləri həll etməkdir. Hər valideyn uşağının problem olmadan xoşbəxt böyüməsini istəyər. Ancaq hər insan kimi uşaqlar da pis zamanlar keçirə bilər. Belə anlarda problemləri onların əvəzinə həll etmək mənfi təcrübələrdən qaçınmalarına səbəb olar. Burda etməli olduğunuz ən yaxşı şey onlara problemlərini öz başlarına həll edə bilməyi öyrətməkdir. Bununla da uşağı müstəqil bir şəxsiyyət kimi yetişdirməyə qapı açmış olursuz.
Uşağı müxtəlif fəaliyyətlərə qatılmağa məcbur etmək
Uşağınızın qabiliyyətlərini inkişaf etdirə bilməsi üçün onu müxtəlif fəaliyyətlərə istiqamətləndirməniz son dərəcə təbii bir haldır. Yenə də uşağınızın bütün həyatını bu fəaliyyətlərə həsr etməsini gözləyə bilməzsiniz. Sıx bir proqrama sahib olan uşaqlar gözləntilər qarşısında depressiyaya düşməyə, əsəbiləşməyə və hirslənməyə başlayırlar. Unutmayın ki, bir uşaq olaraq onların da boş zamana ehtiyacları var.
İctimailəşməyə məcbur etmək
İctimai həyat uşaqların inkişafının və gələcək həyatlarının əhəmiyyətli hissəsidir. Bəzi uşaqlar üçün dost qazanmaq asan iş deyil. Çünki sosiallaşma qabiliyyəti hər fərddə fərqli sürətlərdə inkişaf edər. Uşağınızı insanlarla ünsiyyət qurmağa məcbur etmək təsirli həll yolu deyil. Əksinə uşağınızın özünü təcrid etməsinə səbəb ola bilər.
Uşağınızı tək buraxmaqdan qaçınmaq
Uşağınızı əsla tək buraxmamaq, valideyn olaraq özünüzü yaxşı hiss etməyə səbəb ola bilər. Unutmayın ki, uşağınızın tək vaxt keçirə bilməsi çox əhəmiyyətlidir. Bir uşaq tək vaxt keçirdikdə özünü əyləndirməyi də öyrənər. Əlavə olaraq xoşbəxtliyinin başqalarına bağlı olmadığını qavrayar və tək olarkən də özünü təhlükəsiz, güvənli yerdə hiss etməyə başlar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
23-04-2022