Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi - YENİ QAYDALAR


Övladlığa uşaq götürmək istəyən valideyn-namizədlə müsahibə keçirilmə qaydaları müəyyənləşib

valideynsiz-usaqlarin-ovladliga-goturulmesi-qaydasi-tesdiqlendi
27.02.2020 18:46 5 dəq oxuma

Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

TurpKimi.com xəbər verir ki, fərmanla “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” təsdiq edilib.

Sənəddə daha sonra deyilir:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, habelə yerli icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçota alınması məqsədilə onlar haqqında məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edəcək səlahiyyətli şəxsləri müəyyən edib, onların elektron imza ilə təmin olunmasını bir ay müddətində təşkil etsinlər".

Övladlığa uşaq götürmək istəyən valideyn-namizədlə müsahibə keçirilmə qaydaları müəyyənləşib

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda  valideyn-namizədlə müsahibə keçirilməsi və onun maddi-məişət şəraitinin müayinəsi qaydaları təsdiqlənib.

Valideyn-namizəd bu Qaydaya uyğun olaraq uçota alındıqdan sonra 10 (on) iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir.

Müsahibə zamanı valideynlərlə iş üzrə sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır və müsahibənin nəticələrinə dair 2 (iki) iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlayıb altsistemə daxil edir.

Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından müayinə edir. Müayinənin nəticəsinə dair bu Qaydaya əlavədə müəyyən edilmiş formaya uyğun olaraq, valideyn-namizəd və uşaqlarla iş üzrə sosial işçi tərəfindən imzalanmaqla akt tərtib edilir və uşaqlarla iş üzrə sosial işçi həmin gün ərzində aktı altsistemə daxil edir. Müayinənin nəticələrinə əsasən valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğun hesab edilmədikdə, valideyn-namizəd 1 (bir) ay müddətində aktda qeyd olunan nöqsanları aradan qaldırmaqla maddi-məişət şəraitinin müayinəsi üçün təkrar müraciət etmək hüququna malikdir.

Qaydaya əsasən, sosial işçi tərtib etdiyi rəyin və aktın obyektivliyinə və qərəzsizliyinə görə şəxsən məsuliyyət daşıyır.

Valideyn-namizədlərdən birinin qohumu olan və ya qohumu olmuş, habelə bilavasitə və ya dolayı yolla uşağın müsahibə aparılan valideyn-namizəd tərəfindən övladlığa götürülməsində marağı olan və ya obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan kifayət qədər əsas olan sosial işçinin övladlığagötürmə prosesində iştirakına yol verilmir. Belə hal aşkar edildikdə, həmin sosial işçi övladlığagötürmə prosesindən kənarlaşdırılır.

Valideyn himayəsindən məhrum olanlar valideyn-namizədin evində 3 ay sınaq müddətində yerləşdiriləcək

 

Valideyn himayəsindən məhrum olmuş uşaqların valideyn-namizədin evində sınaq müddətində yerləşdirilməsi qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bəndlər yer alıb. 

Qeyd edilib ki, valideyn himayəsindən məhrum olmuş uşağın yerləşdirildiyi müəssisədə valideyn-namizədlə uşağın görüşünə dair sosial işçinin hesabatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşağın valideyn-namizədin ailəsində 3 ay sınaq müddətində müvəqqəti yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir.

Valideyn himayəsindən məhrum olmuş uşaq Azərbaycanın hüdudlarından kənarda yaşayan valideyn-namizədin (namizədlərin), o cümlədən əcnəbi və ya vətəndaşlığı olmayan valideyn-namizədlərin ailəsində sınaq müddətində, Ailə Məcəlləsinin 118.10-cu maddəsinin tələblərinə uyğun olaraq, həmin şəxslərin Azərbaycanda mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, Azərbaycanda mülkiyyətində yaşayış sahəsi olmadığı hallarda isə Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.

Valideyn himayəsindən məhrum olmuş uşaq valideyn-namizədin (namizədlərin) ailəsində müvəqqəti yerləşdirildiyi halda Nazirliklə valideyn-namizəd arasında müqavilə bağlanır.

Qeyd olunan müqavilədə aşağıdakılar göstərilir:

Valideyn namizədin soyadı, adı, atasının adı (şəxsiyyətini təsdiq edən sənəd, onun seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqan barədə məlumatlar) və Nazirliyin rekvizitləri, müqavilənin predmeti; müqavilənin müddəti və ona vaxtından əvvəl xitamverilmə qaydası; tərəflərin hüquq və vəzifələri, o cümlədən valideyn-namizədin müqavilə müddətində monitorinq aparılması üçün sosial işçiyə şərait yaratması və Nazirliyin müqavilə müddətində valideyn-namizədə kömək göstərməsi; tərəflər arasında mübahisələrin həlli qaydası; tərəflərin məsuliyyəti; valideyn-namizədin uşağın həyat və sağlamlığı ilə bağlı Nazirliyi məlumatlandırma qaydası.

Sınaq müddətində uşaqlarla iş üzrə sosial işçi ilk həftədə ən azı üç dəfə, növbəti həftələrdə isə bir dəfədən az olmayaraq valideyn-namizədlə uşaq arasındakı münasibətlərin monitorinqini aparır və onun nəticələrinə dair hesabat tərtib edərək altsistemə daxil edir.

Sosial işçinin hesabatı mənfi olduqda, o cümlədən həmin rəydə (hesabatda) uşağın ailədə yerləşdirilməsinin onun həyat və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən edildikdə, Nazirlik uşağın təxirə salınmadan sosial xidmət müəssisəsinə qaytarılmasını və barəsində reabilitasiya tədbirləri görülməsini təşkil edir.

Sınaq müddəti bitdikdə Nazirlik uyğun rəy hazırlayır. Rəy müsbət olduqda sınaq müddəti məhkəmənin valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa verilməsi barədə müvafiq qərarı qəbul edilənədək, məhkəmə uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul etdikdə isə həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır.

Aralarında nikah olmayanlar birlikdə uşaq övladlığa götürə bilməyəcək

Övladlığagötürmənin hansı hallarda yol verilmədiyi açıqlanıb.

Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideyn-namizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir. Eyni zamanda aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə də icazə verilmir.

Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.