VAZKEÇİLMƏZ KİŞİ OLMAQ...


Vazkeçilməz kişi olmaq çox qarışıq və çətin bir məsələ deyil.

vazkecilmez-kisi-olmaq
23.06.2020 14:56 6 dəq oxuma

Vazkeçilməz kişi olmaq çox qarışıq və çətin bir məsələ deyil.

Qadınını xoşbəxt edə bilirsənsə, onsuz da onun vazkeçilməz kişisi olursan.

Bəs bir qadını nə xoşbəxt edər?

Seminarlarımda bu sualı mütləq verirəm və çox ilginc cavablar alıram. Bəzi kişilər "sədaqət" və ya "diqqət" deyərək sualları cavablandırır, bəziləri də "kredit kartı", ya da "alış-veriş" deyərək qarşılıq verirlər. Aldığım cavablar sayəsində münasibətlərində yaşadıqları probemləri görmüş oluram əslində.

Seminarda eyni sualı mənə də yönləndirəndə cavabım belə olur:

Bir qadını  xoşbəxt etmək üçün onunla dost kimi dərdləş, onu ata kimi qoru və adam kimi sev.

DOST  KİMİ  DƏRDLƏŞMƏK

Dost kimi dərdləşmək, qarşındakını dinləmək deməkdir, müəllimlik edib həll yollarını təqdim etmək deyil.

Qadınlar çox vaxt problemlərini həll yolu tapmaq üçün deyil, sadəcə hisslərini paylaşmaq üçün, yaxınlaşmaq, bir qədər rahatlamaq məqsədiylə danışmağa ehtiyac duyarlar.

Məsələn, deyək ki, adı İsmayıl olan bir kişi işdə yaşadığı problemi təkbaşına həll edə bilmədiyi üçün məndən kömək istəyir. Belə ki, İsmayıl bir gün işə gec gedib. Müdiri bunu hiss etmədiyi halda, iş yoldaşı söhbət əsnasında İsmayılın işə gec gəldiyini eşitdirib. İsmayıl bundan dolayı həm çox əsəbidir, həm də qəlbi qırılıb. Və mənə “bu vəziyyəti öz-özlüyümdə həll edə bilmirəm, nə etməliyəm?” - deyə sual verir.

Bu vəziyyətdə İsmayıla verə biləcəyim ən sağlam və düzgün həll yolu budur: “Get iş yoldaşınla danış və niyə belə etdiyini ondan soruş”. Çünki İsmayılın ehtiyacı olan həll yolu və ona kömək edəcək üsul budur. Beləliklə, İsmayıl iş yoldaşıyla danışaraq problemini həll edər.

Lakin eyni problemlə gələn şəxsin qadın (Məryəm) olduğunu düşünsək, cavab eynimi olar? Təbii ki, xeyr…Ona da İsmayıla verdiyim məsləhətləri tövsiyyə edə bilmərəm. Məryəmə bu sualları verəcəm:

- Bu hadisə nə zaman yaşandı?

- Özünü necə hiss etdin, Məryəm?

- Hadisəni bir az təfsilatlı danışa bilərsən?

- Səncə, niyə iş yoldaşın belə hərəkət edib?

Bu suallar ətrafında Məryəmlə uzun-uzun danışarıq. Daha doğrusu, Məryəm danışar, mənsə ona sadəcə danışması üçün fürsət yaradar və suallar verərəm. Heç bir məsləhət vermərəm və söhbətin sonunda Məryəm mənə “səninlə danışmaq mənə çox yaxşı təsir etdi, çox təşəkkür edirəm” deyərək problemin həllini özü tapmış olar. Çünki Məryəm yanıma kömək istəmək üçün gəlməmişdi. Sadəcə ürəyinə rahatlıq verməyən problem yaşayırdı, ən doğru cavabı  tapacağını bilirdi, ancaq bunun üçün dəstəklənməyə ehtiyacı var idi.

Qadınların 99 faizi sualı verərkən belə əslində nə edəcəklərini bilirlər. Sualı verməklərində yeganə məqsəd duyğusal yaxınlıq ehtiyacından qaynaqlanır. Sadəcə ürəyini boşaltmaq, dərdləşmək istəyir. Yaxşı bir dinləyici olduğun zaman sevdiyin qadının dərdinə ortaqlıq etmiş olursan ki, bu da onu xoşbəxt edər.

Bəs mən Məryəmə İsmayıla etdiyim tövsiyyələri versəydim necə olardı?

Aramızda belə bir dialoq gerçəkləşərdi:

- Məryəm, əgər iş yoldaşının səhv etdiyini düşünürsənsə, o zaman get onunla danış.

- Bu, yaxşı olmaz…

- Onda mail göndər, ya da nə bilim, get məktub yaz.

- O da çox rəsmi olar.

- O halda get başqa bir iş yoldaşına danış. Sənin adından o danışsın.

- Xeyr, o da olmaz. Cəsarətsiz kimi görünərəm. Qorxduğum üçün başqasını göndərdiyimi düşünər.

Yəni mən bu kimi bir çox təkliflər irəli sürdükcə, Məryəm heç birini qəbul etməyəcək, edilən bütün təklifləri rədd edərək danışmağa davam edəcəkdir. Çünki daha əvvəl dediyim kimi, qadınlar onsuz da sualı verdikləri zaman əslində nə edəcəklərini bilirlər. Beləliklə, mən danışmağa davam etdikcə, aramızdakı dialoq gərginləşməyə başlayacaq. Çünki kömək edə bilmədiyimi görüb ümidsiz halda çıxıb gedəcək.

Ailədə necə olur? Daha bir misal…

Tutaq ki, Məryəm işdən çıxıb evə gəlib. İşdə bir çox hadisə yaşanıb, əriylə dərdləşmək istəyir. İşdə olanları danışmağa ehtiyacı var.

“Bu gün çox iş var idi” deyərək danışmağa başlayır. “Artıq özümə vaxt ayıra bilmirəm, bax gör saçım-başım nə gündədi?” Əri də xoş niyyəti ilə məsləhət verərək “Onda sən də özünə başqa iş axtar, bu qədər işləməyinə ehtiyac yoxdur” deyir.

Buna qarşılıq olaraq Məryəm “Mən işimdən məmnunam, sadəcə üzərimə düşən iş yükü çoxdur” deyir. Əri daha bir məsləhət verir: “Sən də verilən işi görmə. Şirkətdə ancaq sən varsan?”

Məryəm getdikcə gərginləşməyə başlayır: “Şirkətin mənə ehtiyacı var, işləri çatdırmaq lazımdır” deyərək özünü müdafiə etməyə başlayır. Bu zaman yadına başqa bir şey düşür və “vaxtım olmadığı üçün xalamqızına hədiyyə belə ala bilmədim” deyir. Əri isə əvəzində “heç nə olmaz, xalanqızı sənin necə gərgin işlədiyini bilir. Hər şeyi özünə problem etmə, bir az rahat olmağa çalış, hər şeyi vecinə alma…”

Bu dialoqdan sonra hansı yerə gəldilər? Məryəmin üsyan həddinə…

“Sən də bir şey danışmağa icazə vermirsən. Sözü ağzımda qoyursan, o saat sıxılırsan, hirslənirsən…”

Nəticə? Təbii ki, mübahisə...

Buradakı başlıca problem, kişinin dinləmək yerinə, davamlı Məryəmin sözünü kəsib ona məsləhətlər verməsidir. Halbuki Məryəmin məsləhətə ehtiyacı yoxdur, sadəcə dərdləşmək istəyir. Çünki o, nə edəcəyini onsuz da bilir.

Əri nə etməli idi?

Məryəm danışdıqca ona özünü necə hiss etdiyini, niyə özünü belə hiss etdiyini soruşmalı, danışdıqlarını dinləməklə problemin daha tez həll olunmasına və Məryəmin rahatlanmasına səbəb olacaqdı.

Xalası qızına ad günü hədiyyəsi almadığı üçün şikayətləndiyində isə “bu qaça-qaçın arasında sevdiklərini düşünməyin necə də gözəldir. Ürəkdən səni qucaqlamaq istəyirəm” desəydi o evdə baş-başa xoşbəxt bir axşam yeməyi yeyiləcəkdi. Çünki Məryəm özünü xoşbəxt hiss edəcəkdi. Dərdləşə bildiyi bir insanla evil olduğunu düşünəcəkdi. Ərinin anlayışlı bir insan olduğuna inanacaqdı.

Bəli, bu qədər sadə…

Sonu mübahisə ilə bitəcək söhbətin qədərini dəyişmək mümkündür.

ATA KİMİ QORU

Təbii ki, qadınlara sahib çıxmağa və qorunmağa ehtiyacı yoxdur. Qadını ata kimi qorumaq şəfqət göstərmək deməkdir.

Atalar qızlarını şəfqətləri ilə qoruyurlar. Kimsənin həyatını nəzarət altına almağa və idarə etməyə haqqın yoxdur. Hər kəs öz həyatından məsuldur.

Qadını ata kimi qorumaq – onu himayə altına alıb gücsüzləşdirmək deyil. Ona ürəkdən şəfqət verə bilməkdir. Atalar qızlarını qurban etməzlər, onları sevgiləri ilə müdafiə edib dəstəkləyərlər.

ADAM  KİMİ  SEV

Adam kimi sevmək gözəldir, bəs qadın kimi sevmək pisdir? Təbii ki, xeyr… Hətta sevməyin bir cinsiyyəti də yoxdur. Üstəlik cümlənin içində gedən adam kəlməsi belə kişi fiquruna işarə etməz. İnsan ünsürünə işarə edər.

Birincisi, adam kəlməsinin mənası “insana yaraşan tərz” deməkdir.

Bundan başqa, adam “adəm” sözündəndir ki, adəm də insan deməkdir. Adəmoğlu deyildiyi zaman, insanoğlu kimi anlamağımız da buna görədir.

Mövlananın çox sevdiyi bir fikri vardır:

“Həyatda hər şey ola bilərsən, amma mühüm olan həyatın içində insan ola bilməkdir”.

Yəni, “adam kimi sev” dediyim zaman, əlbəttə ki, “insana yaraşan şəkildə sev” demək istəyirəm.

Birini sevərkən başqa qadınlara maraq göstərə bilmərsən. Yaxşısıyla, pisiylə öz qadınına bağlı olduğunu unutmamalısan.

“Günəş heç bir cütlüyün üzərində davamlı parıldamaz.

Lakin iki insan bir çətiri paylaşaraq fırtınaların öhdəsindən gələ bilər”.

                                                                                                                      (Paulo Coelho)

Qadınını sevirsənsə sahiblənəcəksən, məsuliyyət daşıyacaqsan…

Əxlaq, vicdan və mərhəmət sahibi olacaqsan.

Bax adam kimi sevmək budur!

 

MƏNBƏ: Hakan Mengüç – “Ben ney`im” kitabından…

Firuzə Alimova / TurpKimi.com