Xüsusi ailələrdən çıxan həssas uşaqlara məktəblərdə münasibət! - Onları anlayan müəllimlər varmı?


İbtidai sinif müəlliməsinin psixoloji savad və biliyə malik olması çox önəmli faktordur.

xususi-ailelerden-cixan-hessas-usaqlara-mekteblerde-munasibet
15.09.2019 23:32 5 dəq oxuma

Bu gün 6-7 yaşında məktəbə gedən uşaqların əksəriyyətində ilk gündən oxumağa, yazmağa həvəssizlik yaranır. Bu yaşa kimi evdə hər istədiyini edən, azad bir quş tək uşaqlığının sevincini yaşayan balalar birdən-birə parta arxasında əyləşərək xüsusi qayda-qanunlara tabe edilirlər. Bir tərəfdən dissiplin, digər tərəfdən oxuma-yazma, həmçinin müəllimlə, müxtəlif ailələrdən gələn şagirdlərlə ünsiyyət bəzi uşaqlar üçün çətinlik yaradır. Çünki ikinci böhran yaş dövründə (6-7 yaş) uşaqlar ailə münasibətlərindən məktəb münasibətlərinə keçirlər. Məktəbdə isə onları anlayacaq və dəstək olacaq müəllimə ehtiyacları olur.

Bu haqda TurpKimi-yə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Nigar Məmədova ətraflı danışıb. O bildirib ki, bəzən bu kimi problemlərin kökündə hər zaman ailəni günahlandıra bilmərik:

“İbtidai sinif müəlliməsinin psixoloji savad və biliyə malik olması çox önəmli faktordur. Bir hadisəni danışım: sentyabrda mərkəzimizə çox gözəl İQ səviyyəsinə malik uşaq gəlirdi. Amma sentyabrın ilk həftəsindən uşaq özgüvəni qırılmış vəziyyətə düşmüşdü. Uşaq ilk dəfə məktəb görürdü və müəllim ona 2 yazmışdı. Bununla kifayətlənməyib uşağın əlinə xətkeşlə vurub, bu da yetməyib yazı taxtasının qarşısına çıxartmış, uşaqlara “ayıb olsun” dedizdirtərək cəzalandırmışdı. Bütün bunların kökündə psixoloji vəziyyəti düzgün olmayan müəllim durur. Əlbəttə, yaxşı müəllimlərimiz də var, onların şagirdlərini də görürük, bunu danmamalıyıq. Amma uşaq müəllimin o davranışından o qədər təsirlənmişdi, məktəbə belə getmək istəmirdi, oxumağa, yazmağa, elmə olan bütün marağı ölmüşdü. Çünki bütün dostlarının qarşısında onun eqosu qırılmışdı, pis olmuşdu. Uşağın özgüvəni o qədər yerlərdə idi ki, cəmiyyətə atıla bilsin deyə, biz onu güclə özünə gətirdik.

Ona görə də biz hər zaman ailəni günahlandıra, hər şeyin kökündə ailənin durduğunu deyə bilmərik. Düzdü, onu hazırlayıb toxum halına gətirən ailədir. Ailədir onu köklərdən dayanıqlılığını formalaşdıran. Düşünürəm ki, istər bağçalarda, istər məktəblərdə, istərsə də bütün mühitlərdə uşaqla məşğul olan hər bir kəs psixoloji testlərdən keçməlidir.  Hətta bu barədə qanun çıxmalıdır, çünki vacib şərtdir".

Ana-ata-uşaq münasibətlərindən danışarkən psixoloq burda digər ailə üzvlərinin - nənə, baba, dayı, əmi və sairin də müdaxiləsini xüsusi vurğuladı:

 "Ana və ya ata qayda qoyan zaman qışqırıb səs tonunu yüksəldərək, ya da döyərək qayda qoya bilməz. Bu, düzgün deyil. Bu gün uşağımı döyüb qışqırandan 2 dəqiqə sonra peşman olub qucaqlayacamsa, o mənim ana-ata qaydam deyil. Bu,  hiss və emosiyalarımı göstərməyimdir. Uşağı döymək özümüzü sakitləşdirmək deməkdir, uşağa tərbiyə vermək demək deyil. Tərbiyə sevgini gözəl şəkildə verərək, müəyyən yaşına qədər qulluğunda durmaq, müəyyən yaşdan sonra öz ayaqları üstündə durmağı öyrətməkdir. Bu isə 3 yaşdan başlayır. Özünə bələdlilik, özünü ifadə etmədən sonra biz onu cəmiyyətə valideyn olaraq elə  hazırlayırıq ki, həm o bizdən asılı olmur, həm də öz güvənini, fikirlərini bildirməli olur.

Bu günkü gündə hər bir kəsdə sxemlər var. Sxemlər bizdə uşaqlıqdan formalaşır. Bəs sxemlər nələrdir? Məsələn; uşaq həvəslə konstruktor düzəldir və sevinə-sevinə atasına göstərir ki, “ata, mən belə bir gözəl konstruktor düzəltmişəm, bax!” Bu zaman ata dostuyla telefonda danışdığı və ya başqa bir işlə məşğul olduğu üçün uşağa sərt cavab verir: “bu dəqiqə vaxtım yoxdur, get, sonra baxaram. Bu dəqiqə ona vaxt ayıra bilmərəm” deyir.

Beləliklə, uşağın həvəslə hazırladığı nəsə bir şeyə çox etinasız yanaşır. Uşaqda avtomatik olaraq bir sxem formalaşır: əgər öz bacarıqlarını sevinərək birdən-birə göstərməyə çalışarsansa, sən daim utandırılacaqsan. Bundan sonra uşaq nə qədər bacarıqlı və potensiallı olsa da, cəmiyyətə çıxdıqca, müəllim qarşısında, institut, iş, məktəb fəqi yoxdur, bu fikirlər ömrü boyu onu təqib edəcək. Hadisə bəlkə 3 yaşında, bəlkə də 4 yaşında baş vermişdir. Bu zaman ata hirslənməmiş, hadisə tamam sakit də baş verə bilər. Sadəcə həmin an uşaq emossional həssas durumda olub və onda sxem formalaşmağa başlayıb. Bununla da uşaq bacarıqlı olmasına baxmayaraq, heç vaxt həyatda uğur əldə edə bilmir. Həmin sxemin üzərində işləmək lazımdır. Həmçinin sevilməzlik sxemi formalaşanda da uşaq daim sevgi axtarışında olur.

Bu yaxınlarda olan intihar hadisəsinə nəzər salsaq, görərik ki, orda daim diqqət çəkmə, daim sevilmək istəyi var idi. Niyə? Çünki uşağın özündə sevilməzlik sxemi var idi. Bu, uşaqlıqda da, bu yaşımızda da, ümumiyyətlə hər bir yaşımızda yarana bilər. Uşaq daima sevilməzlik yaşayırdı".

Nigar Məmmədova konsultasiyaya gələn bəzi valideynlərin buraxdıqları səhvlərdən danışarkən "valideyn otağıma girəndə “bilirsiniz bizim problemimiz nədir, belə bir hal yaşanıb, belə bir şey olub”, - deyə danışmağa başlayır. Uşaqdan danışan kimi, mən dərhal “sakit, uşağın yanında danışmayın, uşaq çölə çıxmalıdır” deyirəm. Valideyn uşağa aid narahatlıqlarını qətiyyən başqa bir kəsin yanında danışmamalıdır. Nənəni görür danışır, əmini görür danışır, olmaz. O, uşağın məhrəmidir, o, uşağın keçirdiyi kiçik hiss idi, hansı ki o an esterika tutmuşdu. “O bilirisiniz neylədi, necə qışqırdı?” dedikdə uşağın ana və ataya qarşı inamı itir. Uşağın 6 yaşa qədər kumiri ana və ata olur. Güvəndiyi, sevgi göstərəni ana-ata olur. Biz daim özümüzü onlara xoş göstərməyə çalışırıq. Onlar da bizim bütün günü hər davranışımızdan səhv tutsalar, bizi anlamayıb, dinləməyib cəzalandırıb tənqid etsələr, biz təbii ki, cəmiyyətdə yetərsiz bir kəs olaraq böyüyəcəyik. Sonra da məktəb mühitinə düşəndə elə uşaqlara qarşı həssas olmayan müəllimlər olanda lap çətin olur", deyə qeyd edib.

Sonda psixoloq valideynlərə bu məsləhəti verdi:

"Bilirsiniz, uşaqları daim güllük-gülüstanlıq içində böyüdə bilmərik: heç vaxt qışqırıq görməməlisən, sənə güldən ağır söz deməyim. Bəs axı biz düşünmürük ki, uşaq 6 yaşdan sonra məktəbə gedəcək, 100 uşaq görəcək, hər ailədən gələn uşaq olacaq. Bu uşaq onsuz da qarşılaşacaq. Bu gün uşaqlara peyvənd vurulur, xəstəliklə bədəni birləşdirirlər ki, uşağın bədənində immunitet yaransın, gələcəkdə artıq o, xəstəliklə qarşılaşanda, bədən ona ağır reaksiya göstərməsin. Eyni zamanda münasibətlərdə də uşaq hirsi də bilməlidir, ağlamağı da. Bunlar bizim duyğularımızdır, bunları biz yaşamasaq, biz insan ola bilmərik, formalaşa, cəmiyyət içində bişə bilmərik. Ona görə də istər uşaq olsun, istərsə də böyük, hər bir kəsin ünsiyyət, bir-birini dinləmə, anlama və hiss və duyğularını rahat formada  yaşamasına izin vermək lazımdır. Vaxtında ağlasın ki, gələcəkdə ağlamağın əvəzinə intihara cəhd etməsin!"

Firuzə Alimova / TurpKimi.com