Yağ çəkməyən pişi resepti


Sahurda yağsız və tox tutacaq qidalar yemək vacibdir.

yag-cekmeyen-pisi-resepti
17.03.2024 00:05 1 dəq oxuma

TurpKimi.com sizə imsak üçün hazırlaya biləcəyiniz mayasız,  yağ çəkməyən pişi reseptini təqdim edir:

Lazım olanlar:

1 çay stəkanı su
3 yemək qaşığı qatıq
1 yumurta
1 yemək qaşığı sirkə
2 yemək qaşığı duru yağ
1 kiçik çay qaşığı duz
1 paket qabartma tozu
3,5 su stəkanı un


Hazırlanması:

Əvvəlcə quru ərzaqları qarışdırın, qabartma tozu və duzu bir qabın içərisinə ələyin və qarışdırıb kənara qoyun.

Daha sonra başqa bir qabın içinə yumurta, sirkə və yağı əlavə edərək çırpın. 
İçərisinə qatıq  və suyu əlavə edin, çırpma tellə qarışdırmağa davam edin.

Quru qarışıqlara yavaş-yavaş maye qarışığı əlavə edin və çırpma tellə qarışdıra bilməyəcəyiniz bir xəmir olanda əlinizlə yoğurmağa başlayın.

Yumşaq və asan açıla bilən xəmir alınır.  Daha sonra xəmirə forma verin və üzərinə duru yağ sürtün, 10 dəqiqə gözlədin.

Xəmiri əlinizlə açın və stəkanla yumru şəkillər kəsin.

Forma verdiyiniz pişiləri qaynar yağda şişənə qədər bişirin. 

Mayasız və yağ çəkməyən pişi hazırdır. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com