Defisitar vəziyyət inkişaf edir...
Yağsızlaşdırılmış məhsulların orqanizmə faydasından çox zərəri var.
Bu barədə rusiyalı dietoloq Svetlana Zelentsova xəbərdarlıq edib.
O, bir neçə səbəbə görə belə düşündüyünü bildirib.
“Birincisi, yağsızlaşdırılan qidaların əksəriyyətində onların dadını yaxşılaşdıran, lakin sağlamlıq üçün yaxşı olmayan əlavə maddələr olur: nişasta, hidrogenləşdirilmiş bitki yağları, aromatizatorlar, qida boyaları və s.
Məhsul nə qədər çox “işlənərsə”, yəni sənaye üsulu ilə emal olunarsa, ilkin halından o qədər az faydalı və daha yüksək kalorili olur”, - Zelentsova öz fikrini əsaslandırıb.
O, həmçinin yağların bədənimiz üçün lazım olduğunu vurğulayıb.
“Əgər rasion əsasən az yağlıdırsa, təbii olaraq tərkibində çoxlu karbohidratlar olacaq ki, bu da zaman keçdikcə bir çox metabolik problemlərə gətirəcək. Həmçinin rasionda yağın miqdarını azaltmaqla biz yağda həll olunan vitaminləri (“D”, “A”, “E”) daha az alırıq. Bundan başqa yağlar bizə lazım olan bəzi maddələrin, xüsusən də kalsiumun mənimsənilməsi üçün lazımdır. Nəticədə defisitar vəziyyət inkişaf edir, bu da bir çox sağlamlıq problemlərinə səbəb olur”, - deyə o, əlavə edib.
Dietoloq bu səbəbdən yağsızlaşdırılmış qidaları rasiona daxil etməməyi məsləhət görüb.
“Bəzi hallarda tibbi səbəblərdən qida rasionunda yağları məhdudlaşdırmaq lazımdır, lakin o zaman da fərqli yanaşmanı tövsiyə edərdim”, - deyə Zelentsova yekunlaşdırıb.
Mənbə: RİA Novosti