Yanvarın 27-nə olan hava


Azərbaycanda yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

yanvarin-27-ne-olan-hava-1
26.01.2021 22:14 2 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Yanvarın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 2-7° dərəcə isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, bəzi yerlərdə 15-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, yüksək dağlıq ərazilərdə 8-11° şaxta, gündüz 2-7° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti, dağlarda gecə 0-4°, gündüz 8-10° isti olacağı ehtimalı var.

TurpKimi.com