Yay gəlir! - Fit, incə görünməyin sadə üsulları


Soyuq havaları geridə qoyduq. Qarşıda bizi isti fəsil gözləyir. İncə, rəngarəng geyimlər tezliklə qarderobumuzda özünə yer tutacaq.

yay-gelir-fit-ince-gorunmeyin-sade-usullari
03.04.2022 21:37 2 dəq oxuma

Bu yazda və yayda  fit görünmək, paltarlarınızı heç bir kompleks hiss etmədən üstünüzdə daşımaq istəyirsinizmi?

Turpkimi.com formada görsənmək üçün mütəxəssislərin tərtib etdiyi sadə üsulları oxucuları ilə bölüşür. 

Bədən tarazlığınızı qoruyun

İnsan öz vücudunu hamıdan yaxşı tanımalıdır. Standart diyet siyahılarından bəhs etməyəcəyik. Hər bir insanın bədən quruluşu, sağlamlıq vəziyyəti, bədənindəki yağ nisbəti digərlərindən fərqlidir. İlk olaraq bədən tarazlığınızı qorumağa çalışın. 

Necə?  

Əvvəlcə o çox sevdiyiniz bol yağlı, duzlu hamburgerləri, qızardılmış  kartofları bir müddət kənara qoyun, heç olmasa miqdarını azaldıb meyvələrə və tərəvəzlərə üstünlük verin. Ən əsası şəkərdən, şirniyyatlardan maksimum uzaq durun. Gündəlik şəkərə olan tələbatınızı meyvələrlə, çərəz və meyvə quruları ilə ödəyin.  Bədən tarazlığını qorumaq üçün mütləq avokado yeməyə ehtiyac yoxdur! C vitamini və antioksidant baxımından zəngin  meyvə olan almanı seçə bilərsiniz. 

Hərəkət etməyi unutmayın!

Sizə ağır idman növlərilə məşğul olmağı təklif etmirik. Çünki məqsəd  həddindən artıq arıqlamaq,  ya da manekenlər kimi incə olmaq deyil. Əsas məqsəd daha sağlam və fit görünməkdir. Ona görə də gün ərzində mütləq yürüşə çıxın, piyada gəzin,  avtobus və ya maşından istifadə etməyi minimuma endirin. Əsas məsələ ayaqların işləməsidir.  Hərəkət etməklə həm kalori yandıracaqsınız,  həm də qan dövranınız, metobalizmanız sürətlənəcək. Piyada gəzməyi xoşlamayanlar rəqsi seçə bilərlər.  Təki məqsəd hərəkət etmək olsun. 

Zumba rəqsini etmək daha çox kalori yandırmanıza kömək edəcəkdir. 

Özünüzə xas qidalanma planı yaradın

Gözlənilməz vəziyyətlərə qarşı B planınız olsun. Məsələn,  bir axşam çöldə yemək yeyəcəksinizsə, səhər daha yağsız qidalarla bəslənməyi unutmayın. "Axşam onsuz da yeməyə gedəcəm,  heç olmasa səhər də istədiyimi yeyim" deyə,  əsla düşünməyin! Meyvə və qatıq yeyərək bu tarazlığı təmin edə bilərsiniz.

Qərarlı olun!

Özünüzü motivasiya edəcək səbəbləriniz olsun və bunu gün ərzində  tez-tez  xatırladın.Əgər qarşınızdakı hədəfə çatmaqda  israr edirsinizsə, mütləq qələbə çalacaqsız. “Nəyə görə bunu edirəm?" deyə sual verin və cavabını da xatırlayın. "Tətildə geymək istədiyim ağ paltarımın əynimə rahat olmasını istəyirəm" kimi çox sadə şeylər ola bilər. Əsla qərarınızdan dönməyin.  Hələ də fikirləşirsiz?

Elə bu gündən, bu andan başlayın. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com