Yayda tərlətməyən 8 parça növü...
Yayda tərlətməyən, təri özünə çəkən və zərif toxunuşu ilə hava keçirən parçalara çox önəm verməliyik. Düzdür, bir çox firma ucuzluğu ilə alıcıların diqqətini çəkmək üçün sintetik parçalara üstünlük verir. Lakin sintetik geyimlərdən istifadə edənlər, yəqin onların necə narahatlıq verdiyini, tərlədib, pis qoxuya səbəb olduğunu hiss etmişdir. Hələ dəriylə təmas edib sağlamlığa necə zərər verdiyi haqda növbəti sayımızda daha ətraflı yazacağıq.
İndi TurpKimi.com sizinlə yayda ən çox hansı parçalardan hazırlanmış geyimləri almaqla bağlı məlumat paylaşacaq
PAMBIQ – 100 faiz pambıq parçalar hər iqlimdə mükəmməldir. Ona görə də dünyada ən çox istifadə edilən və sevilən parça növüdür. Pambıq bədənin nəmini və tərini özünə çəkir, hava almasına şərait yaradır.
ŞİLƏ – İsti yay aylarında tərlətməyən möhtəşəm parça növüdür. Adətən, təbii olaraq ağ, ekru və krem rənglərində istehsal olunsa da, müxtəlif rəngləri də var. Həm bu parçanın özünəməxsus görünüşü olur.
KƏTAN – Çox yüngül olan kətan parçanın arasındakı boşluqlar hava axınına şərait yaradır və bədəni sərin tutur. Nəm və təri tez özünə çəkdiyi üçün bir çox marka tərəfindən, xüsusilə də kişi geyimlərində istifadə olunmaqdadır. Düzdür, ütüsü tez pozulur və tez qırışır, lakin bu özəlliyini bəyənən insanlar az deyil. Ən əsası tərləyərkən pis qoxu vermir.
İPƏK – Yayda ipək parçalı geyimlərdən çox istifadə olunsa da, isti havalar üçün əlverişli deyil. Çünki günəş ipək parçaların ürəzində sarımtıl ləkələr qoyur. Lakin sərin yay gecələrində geyinmək olar. Bundan başqa, ipək parçalar istiyə qarşı çox həssas materialdır. Ütüləyərkən üzərinə nəsə qoyulmalıdır. Həmçinin deformasiyaya ən çox meyilli parçalardır. Qadın geyimləri arasında ən bahalı olmasına rəğmən, çox tez solur, saralır və cırılır. Bundan başqa, istənilən hər dəb geyimlə geyinmək olmur.
KREP – İlin hər fəslində bu yüngül toxunuşlu parçalar istifadəyə yararlıdır. Çox rahat parçadır: asan yuyulur və asan ütülənir. Viskon iplikdən və polyesterdən də hazırlanır. Həm təbii, həm də süni xammaldan hazırlana bildiyi üçün ən çox istifadə olunan parça növlərindən biridir.
POPLİN – Daha çox yataq dəstlərinin və nazik köynəklərin istehsalında istifadə olunur. Zərif və yüngül olur, tərlətmir.
CİNS – ağır olanlar qış, yüngül olanlar isə yay üçün istifadəyə yararlıdır. Dövrün ən çox yayılan, istifadə olunan və hər mövsümdə geyinilə bilən parça növüdür.
CUNA –Seyrək və nazik toxunuşlu, çox yüngül və yumşaq pambıq parçalardır. Hədsiz nazik olduğu üçün əynimizdə heç nə yoxmuş kimi hissi edirik.
ŞİFON – Sintetik və ipək olmaqla 2 yerə ayrılır. Yay aylarında ən çox geyinilən, həmçinin geyimlərə xüsusi gözəllik verən parça növüdür. İstehsalı da asandır.
Firuzə Alimova / TurpKimi.com