Yeməkdən sonra niyə yatmaq istəyirik?


Həkimlərin bir neçə tövsiyyəsi var...

yemekden-sonra-niye-yatmaq-isteyirik
07.04.2022 15:15 2 dəq oxuma

Ən məntiqli nəzəriyyəyə görə, qida qəbulundan sonra qan dövranı dəyişir: mədə, orta və arxa bağırsaqlar daha çox, beyin isə daha az qan alır. Bu halda beyin daha az oksigen və faydalı maddə qəbul etdiyindən istirahət etmək istəyir.

Lakin yuxululuq hissi həm də sağlamlıqla bağlı problemlərdən irəli gələ bilər. Qida qəbulundan sonra gümrah qalmaq üçün həkimlərin bir neçə tövsiyyəsi var. Gəlin onlardan əsas 5-ni nəzərdən keçirək:

ASTA YEYİN

Tez-tələsik qida qəbulu zamanı biz daha az çeynəyib, daha çox yeyirik. Bu isə həzm prosesini xeyli çətinləşdirir və ləngidir. Həzm prosesi nə qədər uzanarsa, yorğunluq və yuxululuq da o qədər çox çəkər.

FİZİKİ AKTİVLİK

Səhər edilən adi məşq gün ərzində sizi gümrah saxlamağa və özünüzü yaxşı hiss etməyə təkan verir. Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və hüceyrələri daha çox oksigenlə təmin edir.

SU TARAZLIĞI

Maye çatışmazlığı və ya onun az qəbul olunması da yorğunluğa səbəb ola bilər. Ona görə də gün ərzində gündəlik normaya uyğun maye qəbul edin (1 kq çəkiyə 30 ml su).

KEYFİYYƏTLİ YUXU

Qida qəbulundan sonra və ya əvvəl yaranan yuxululuq pis və ya az yatmaqdan irəli gələ bilər. Buna səbəb olan pis vərdişlərdən qurtularaq yuxu rejiminizə diqqət edin.

VİTAMİNLƏR

Gündəlik rasionunuza əsas vitamin və faydalı minerallar mənbəyi olan meyvə-tərəvəz əlavə edin. Onlar orqanizmdə gedən bir çox proseslərin normal keçməsinə kömək edir. Əks halda vitamin defisiti simptomlarından biri də yuxululuq ola bilər.

Yaz fəsli isə vitamin ehtiyatını yeniləmək üçün əla vaxtdır. Qida rasionunuza diqqət edin və aktiv həyat tərzi sürün ki, sağlamlıq problemləriniz olmasın.

Firuzə Alimova / TurpKimi.com