Son vaxtlarda alimlərin diqqətini Cənub-Şərqi Asiyada bitən su bitkisi çəkib.

“Vegetarian küftəsi” adlanan Mankai (elmi adı: Wolffia globosa) yüksək protein tərkibi və zəngin qida dəyərləri ilə son dövrlərdə super qidalar arasında ön plana çıxır. Onun təsiri isə inanılmazdır.
TurpKimi.com maraqlı məlumatları oxucuları ilə bölüşür.
Tayland, Laos, Hindistan, Çin və Myanma kimi Cənub-Şərqi Asiya ölkələrində təbii olaraq yetişən Mankai, xüsusilə beyin sağlamlığı üçün faydalıdır. Bu da alimlərin diqqətini çəkir. 2022-ci ildə aparılan araşdırmada Mankai bitkisi və yaşıl çay kimi polifenol baxımından zəngin qidaları müntəzəm olaraq qəbul edən şəxslərdə ağılda, bilikdə geriləmə riskinin azaldığı ortaya çıxıb.

Alzheimer və nevroloji xəstəliklərdə potensial dəstəkləyicidir
Mütəxəssislərə görə, bu nəticə Alzheimer və oxşar nevroloji xəstəliklərin qarşısının alınmasında Mankainin potensial dəstək qida ola biləcəyini göstərir. Araşdırmada həmçinin “Yaşıl Aralıq dənizi diyeti” adlanan bir qidalanma modeli də önə çıxır. Bu model, ənənəvi Aralıq dənizi dietinin bir variantıdır. Mankai qoz və yaşıl çay kimi antioksidant baxımından zəngin qidaları ehtiva edir. Mütəxəssislər bildirir ki, bu qidalanma tərzi yalnız beyin sağlamlığını dəstəkləmir, həm də ürək-damar sağlamlığına töhfə verir.
Polifenol gücü ilə zehni qidalandırır
Mankai bitkisinin tərkibində bol miqdarda polifenollar var. Bu tərkib zehni performansı gücləndirir. Polifenollar antioksidant və antiinflamatuar xüsusiyyətləri sayəsində iltihabı azaldır, yaddaşı gücləndirir və beyin hüceyrələrini oksidativ stresdən qoruyur.

Qidalanma üzrə mütəxəssis Dr. Somchai Rattanakul bildirir:
“Polifenol baxımından zəngin bir dieta yaşlanma ilə əlaqəli beyində geriləmə prosesini yavaşlada bilər. Bu mənada Mankai son dərəcə dəyərli bir bitkidir.”
Tam protein mənbəyidir
Mankai yalnız beyni deyil, həm də bədəni bəsləyir. Bitki mənşəli olmasına baxmayaraq, protein mənbəyi olan Mankai, insan bədəni üçün zəruri olan doqquz əsas amin turşusunun hamısını ehtiva edir. Cənub-Şərqi Asiyada “vegetarian küftəsi” adlandırılmasının səbəbi də budur. Qida dəyərinin təxminən 45 faizi yumurtada olan qədər keyfiyyətli proteindən ibarətdir. Bu isə Mankaini xüsusilə vegan və vegeterianlar üçün alternativ protein mənbəyinə çevirir.
Mütəxəssislər bildirir ki, yüksək proteinli bitki mənşəli qidalanaraq müntəzəm fiziki fəaliyyətlə məşğul olduqda çəki asanlıqla azalır, metabolizmi sürətlənir və 2-ci tip diabeti nəzarət etmək mümkün olur.

B12 və dəmir çatışmazlığını tamamlayır
Bitki mənşəli bir qidada B12 vitamininə nadir hallarda rast gəlinər. Məhz Mankainin tərkibində B12 vitamini də var. B12 vitamini DNA sintezi, sinir sistemi sağlamlığı və qırmızı qan hüceyrələrinin istehsalı üçün kritik əhəmiyyət kəsb edir. Ümumiyyətlə, yalnız heyvani qidalarda olan bu vitaminin Mankaidən alınan forması insan bədəni tərəfindən asanlıqla mənimsənilir.
Bundan əlavə, dəmir baxımından da zəngin olan bu su bitkisi dəmir çatışmazlığına görə yaranan anemiya problemi yaşayan şəxslər üçün təbii dəstək ola bilər.
“Journal of Nutrition” jurnalında yayımlanan bir araşdırmada Mankai ilə qidalanan dəmir çatışmazlığı olan siçanlarda anemiyanın azaldığı müəyyən edilib.
Ürək və immunitetin möhkəmlənməsində xüsusi rol oynayır
Mankai tərkibindəki omega-3 yağ turşuları sayəsində ürək sağlamlığını da dəstəkləyir. Mütəmadi olaraq qəbul edildikdə xolesterol balansına töhfə verə və damar sərtliyinin qarşısını ala bilər. Bu xüsusiyyətləri onu “yaşıl Aralıq dənizi diyeti”nin əsas komponentlərindən biri edir.

Bitkidə həmçinin A vitamini mövcuddur. A vitamini immunitet sisteminin güclənməsinə, görmə qabiliyyətinin qorunmasına və dəri sağlamlığının dəstəklənməsinə kömək edir.
Qidalanma üzrə mütəxəssislər bildirir ki, Mankai aşağı riskli bir qidadır, lakin yetişdiyi mühitin keyfiyyətinə görə az miqdarda ağır metal və ya çirkləndirici maddələr ehtiva edə bilər. Buna görə də etibarlı mənbələrdən alınması tövsiyə olunur.
Davamlı bir super qida
Mankai yalnız insan sağlamlığına deyil, ətraf mühitə də töhfə verir. Kənd təsərrüfatı mütəxəssisləri bildirir ki, bu bitki su üzərində sürətlə böyüyür və çox az resursla istehsal edilə bilər. Qarğıdalı və ya soya kimi yayılmış məhsullarla müqayisədə Mankai çox daha az su tələb edir və daha qısa müddətdə məhsul verir. Bu da onu gələcəyin alternativ protein mənbələri arasında önə çıxarır.
Elm dünyası bu bitkini diqqət mərkəzində saxlayır
Son illərdə həm akademik dairələr, həm də qida sənayesi Mankai üzərində fokuslanıb. Xüsusilə, bitki mənşəli protein bazarının böyüməsi ilə bu bitkinin kommersiya dəyəri artır.
Mütəxəssislər bildirir ki, Mankainin müntəzəm və balanslı bir qidalanma planı daxilində qəbul edilməsi beyin funksiyalarını dəstəkləyə, çəki azaltmağa kömək edə və uzun müddətli sağlamlığa müsbət təsir göstərə bilər.
“New York Post” qəzetinin “This plant has been called a ‘vegetarian meatball’ for having so much protein — it can keep your brain young, too” başlıqlı məqaləsinə əsasən tərtib edilmişdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com