Dezinfeksiya maddələrinin insan orqanizmi üçün toksik təsiri var.
Bu günə qədər koronavirusla əlaqəli paytaxt Bakı üzrə 7 dəfə kütləvi dezinfeksiya işləri aparılıb. Bu işlər həm mərkəzi, həm də Bakıətrafı qəsəbələrin küçələrini əhatə edib. Asfaltlara tökülən tonlarla xlor maddəsinin insan orqanizminə zərərlərindən də şikayət edənlər var.
Bəzən paytaxt sakinləri dezinfeksiya məhlullarının iyisini götürə bilmədiklərini, hətta nəfəs almaqda çətinlik çəkdiklərindən şikayət edirlər.
Səhiyyə eksperti Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, dezinfeksiya məhlulu olan yerdə, onun buxarlanması dövründə insanların çölə çıxması məsləhət deyil: “Bunun üçün də əvvəlcədən əhaliyə xəbərdarlıq edilir ki, bu müddət ərzində küçədə gəzmək olmaz. Bütün hallarda dezinfeksiya məhlullarının iyisi insan orqanizmi üçün ziyanlıdır. Misal olaraq, adi xlor məhlulunun belə böyük miqdarda bədənə daxil olmağı həm zəhərlənmə verə bilər, həm də qıcıqlanmaya səbəb ola bilər”.
A.Qeybulla əlavə edib ki, müxtəlif məqsədlə istifadə olunan bütün dezinfeksiya maddələrinin insan orqanizmi üçün toksik təsiri var: “Xüsusilə də dezinfeksiya məhlulunun böyük doza istifadəsinin təsiri daha böyükdür. Ona görə də mülki vətəndaşlar belə halda çölə çıxmamalıdır. Bu zaman küçədə olan şəxsdə yanaşı gedən hər hansı xəstəlik varsa, onda problem daha ciddi özünü biruzə vermiş olar. Sağlam insanlara isə maddələrin təsiri onların aldığı dozadan asılı olaraq təsir göstərmiş olur. İlk olaraq halsızlıq, sonra isə hətta komaya düşmə qədər ağır fəsadı müşahidə edilmə ehtimalı var. Əgər məhlulun dozası artıq olarsa bir neçə dəfə nəfəs almaq kifayətdir. Yəni maddənin tərkibinin dozasının az və ya çox olmasından asılıdır. Məsləhət görərdim ki, ev və məişət şəraitində dezinfeksiya məhlulunun istifadəsində belə maska istifadəsi zəruridir”.
TurpKimi.com