Yorğunluğunuzun səbəbi bu ola bilər!


Bədəninizin sizə verdiyi siqnalları görməməzliyə vurmayın.

yorgunlugunuzun-sebebi-bu-ola-biler
23.05.2025 16:35 2 dəq oxuma

Səhərlər çətin oyanmağın, daim əsəbi olmağın və keçməyən baş ağrılarının səbəbi səssiz kortizol fırtınası ola bilər.

Gündəlik qaçaqaçlar,  davamlı stress, yuxusuz gecələr… Bütün bunlar bədəndə bir hormonun həyəcan siqnalı verməsinə səbəb ola bilər: kortizol. “Stress hormonu” kimi tanınan bu güclü maddə əslində həyatınızı xilas edə biləcək müdafiə mexanizminin bir parçasıdır. Lakin vəziyyət nəzarətdən çıxarsa, kortizol düşmənə də  çevrilə bilər.

Bədən qısa müddətli təhdidlərə qarşı özünü qorumaq üçün kortizol ifraz edir. Amma bu hormon davamlı olaraq yüksək səviyyədə qaldıqda, çəki artımı, sızanaq, xroniki yorğunluq, əzələ zəifliyi və yüksək qan təzyiqi kimi əlamətlərlə özünü göstərə bilər. Daha da pisi, bu əlamətlər çox zaman başqa xəstəliklərlə qarışdırıldığından uzun müddət diqqətdən kənarda qala bilər.

Mütəxəssislər bildirirlər ki, davamlı stress, böyrəküstü vəz şişləri, hipofiz vəzində pozuntular və bəzi dərmanlar kortizol səviyyəsini yüksəldə bilər. Xüsusilə üz və qarın nahiyəsində nəzərəçarpacaq dərəcədə çəki artımı, asan göyərmə, əsəbilik və diqqət toplamaqda çətinlik yaşayan şəxslərin həkim müayinəsindən keçməsi tövsiyə olunur.

Diaqnoz adətən qan, sidik və ya tüpürcək analizləri ilə qoyulur. Altda yatan səbəb müəyyən edildikdən sonra müalicə buna uyğun şəkildə planlaşdırılır. Bəzi hallarda D vitamini əlavəsi, qidalanma rejiminin dəyişdirilməsi, stressin idarə olunması metodlarıyuxu keyfiyyətinin artırılması kimi həyat tərzində dəyişikliklər etməklə kortizol səviyyəsini normaya salmaq olar.

Vüsalə Əlövsətqızı, TurpKimi.com