Zaqatalada doğuşdan sonra ana ölüb


Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ananın ölümünün yeni təfərrüatları məlum olub.

zaqatalada-dogusdan-sonra-ana-olub
23.03.2022 15:20 2 dəq oxuma

APA-nın məlumatına görə, Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə müraciət edib.

Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.

Belə ki, əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Mərhumun yaxınları bildirib ki, ağrıları olan Rəna həkimə bu barədə məlumat versədə, kök olduğu üçün ağrıların normal olduğu cavabını alıb. Daha sonra Rənanın qaynanası da gəlininin ağrılarının səbəbini öyrənmək üçün həkimə müraciət edib və həkim qeyd edib ki, xəstə banan yediyinə görə köpüb və ağrılara səbəb budur.

Mərhumun atası Eyvaz Məmmədov bildirib ki, xəstəxanaya yerləşdirildikdən sonra yaxınlarını içəri buraxmayıblar və qızı onlara göndərdiyi səs yazılarında ona baxmadıqlarını və yardım etmədiklərini bildirib.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.