Ən tanınmış dünya liderləri və onların xəstəlikləri - Xərçəng olanı da var


Ölkə başçısı xərçəng olduğunu özü etiraf edib.

en-taninmis-dunya-liderleri-ve-onlarin-xestelikleri
19.01.2022 20:12 3 dəq oxuma

Daim göz önündə olan, hər zaman sağlam görünən "dünya liderlərinin nə dərdi ola bilər axı?" sualını verməmiş olmarıq. Amma onları da nahrahat edən və kimsədən gizlədə bilmədikləri  xəstəlikləri var. 

TurpKimi.com rus mediasına istinadən 7 dünya liderinin əziyyət çəkdiyi xəstəliklərlə bağlı yazını təqdim edir:

Litvanın baş naziri Saulius Skvernelis

Bir neçə gün əvvəl Litvanın baş naziri Saulius Skvernelis xərçəng olduğunu rəsmən etiraf edib. Xəstəlik ilkin mərhələdədir və siyasətçi xərçəngi məğlub edəcəyini fikirləşir. Müalicənin sentyabr-oktyabr aylarında ediləcəyi planlaşdırılıb:

“Xəstəlik yayılmayıb, müalicə aparılır, kimyəvi terapiya da var. Artıq ilkin mərhələyə dünəndən başlamışam, bu gün özümü gözəl hiss edirəm” - deyə, baş nazir bildirib.

Almaniyanın baş naziri Angela Merkel

Angela Merkelin kameralar qarşısında bütün bədəninin əsməsi bu yay dünya mediasının ən çox müzakirə etdiyi mövzulardan biri olub. Merkel artıq 3 dəfə mətbuat konfransları zamanı ictimaiyyət qarşısında əsib və bu, açıq aydın kameralara yansıyıb. Lakin Merkel ilk dəfə yaşanan titrəməsini sussuzluqla əlaqələndirib. Daha sonra o, sağlamlığı haqqında açıqlama verməkdən imtina edərək əla olduğunu deyib.

Merkelin tir-tir əsdiyi görüntüləri görən həkimlər, bu barədə müxtəlif fikirlər səsləndiriblər. Bunu dərmanların əks təsiri, diabet və ya tiroidlə əlaqələndirənlər də var.

Alman nevroloq Uve Yanke liderin çox nadir rast gəlinən ortostatik sarsıntıdan əziyyət çəkdiyini bildirib. Bu xəstəlik zamanı bədəndə sürətlə əzələlərin boşalması baş verir. Əsmə daha çox ayaq üstə olarkən yaşanır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

2007-ci ilin yay ayında Türkiyə prezidenti Ərdoğan namaz qılmaq üçün məscidə gedərkən qanda şəkərin miqdarı qalxıb. Nəticədə ölkə başçısı huşunu itirib. Şahidlərin dediklərinə görə, məsciddə olan hər kəs təlaşlanıb.. Dərhal təcili yardım çağırılaraq, ilkin tibbi yardım göstərilib. Ərdoğan ayıldıqdan sonra qanda şəkərin və arterial təzyiqin artması nəticəsində halının pisləşdiyini bildirib:

“Şəkərli diabetdən dolayı təzyiqimdə problemlər var idi. Allaha şükürlər olsun, hər şey yaxşıdı”, - deyə Ərdoğan bildirib.

Çexiya prezidenti Miloş Zeman

Çexiyanın hazırki prezidenti Miloş Zemana şəkərli diabet və nevroloji xəstəliklər diaqnozu qoyulub. Xəstəliyi ilə əlaqədar olaraq, prezidentə siqaret çəkmək və spirtli içki içmək qadağan edilib. Buna baxmayaraq, prezident siqaret və içkidən imtina etməyəcəyini deyib.

“Cənab prezident gündə 50-60 əvəzinə 20 siqaret çəkəcək. Naharda isə 1 stəkan şərab içəcək”, - deyə rezidentin mətbuat xidməti bildirib.

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl-Səud

2015-ci ildə qardaşı Abdullahın ölümündən sonra kral olan 83 yaşlı Salman bin Abduləziz əl-Səudun səhhəti yaxşı deyilmiş. Şərq mətbuatında yayılan xəbərlərə görə, kral bir dəfə insult keçirib və sağ əli fəaliyyətini itirib. Ölkə kralla bağlı bütün məlumatları gizlətdiyi üçün şayələrə görə, Salmanın parkinson xəstəliyindən əziyyət çəkdiyi də bildirilir.

İranin ali dini lideri Əli Xamenei

Dünya mətbuatında dəfələrlə Xameneyinin səhhətində problemlərin olmasıyla bağlı xəbərlər yayılıb. Hətta 2015-ci ildə İran mediasında əməliyyatdan sonra dini liderin vəziyyətinin pis olduğu yazılıb. Buna baxmayaraq, Qərb mediası tez-tez Xameneyinin xərçəng xəstəsi olduğu haqda xəbərlər yayır.

Şimali Koreya lideri Kim Çen In

Ölkədəki qapalı rejim Kim Çen Inın səhhətindəki problemlərin dəqiqliyini təsdiqləməyə imkan vermir. Məlumatlar görə, lider diabet və yüksək qan təzyiqindən əziyyət çəkir. Kim Çen Inın həddən artıq siqaret və  piylənmədən əziyyət çəkdiyi qeyd edilir. 2015-ci ildə Cənubi Koreya hökumətinin əldə etdiyi məlumata görə, son 5 ildə Kim Çen In 30 kq çəki alıb. Hazırki çəkisi 130 kq-dır

Yazılıb: 04.09.2019-cu ildə

Firuzə Alimova / TurpKimi.com