Məhsulu kifləndirib zibilliyə tökənlər üçün - Qidanı necə saxlamalı? İsrafa son!


Sağlam və ləzzətli yeməklərin hazırlanması ilk növbədə qidalardan və keyfiyyətdən asılıdır.

mehsulu-kiflendirib-zibilliye-tokenler-ucun
12.04.2021 09:49 6 dəq oxuma

Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir. TurpKimi.com qidaları israf etməmək üçün soyuducuda SAXLAMA QAYDALARINDAN YAZIR:

Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir  yerdir. Amma hansı ərzağı, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır. Ailə büdcəsinə qənaət etmək üçün heç bir məhsulu itkiyə vermək olmaz.  Elə bu məqamda “2-3 pomidorun kif atması ilə və ya 200 qram pendirin iylənməsi ilə heç bir şey olmaz” deyənlərə “Dama-dama göl olar” atalar sözlərini xatırlatmaq yerinə düşər.

Elə xanım var ki, malının qədrini bilib heç bir dənəsini də itkiyə vermir. Elə xeyir də ailə büdcəsinə dəyir. Amma elə xanımlar da da var ki, heç “uf” da demədən  malını zibilliyə tökür. Nəticədə, yenə də ziyan ailə büdcəsinə dəyir.

Nənə və babalarımız həmişə hər şeyi qənaətlə işlətməyi tövsiyə ediblər. Qidaları soyuducuda saxlamaq üçün evdar xanımların əməl etdiyi qaydaların hamının bilməsi məsləhətdir. Beləliklə, soyuducuda qidaları itkiyə getmədən saxlamaq üçün bəzi ipucları:

Qatıq və süd məhsulları

Südü mütləq soyuducunun iç rəflərində saxlayın. Şkaf qapağında saxlanan şeylər, qapağı hər açdığınızda isti havayla təmas edər və daha tez xarab olar. Son istifadə etmə tarixindən asılı olmayaraq süd qutusunu açdıqdan sonra ən çox 3 gün içində istehlak etməlisiniz.

Dondurma dərin dondurucuda 2-4 ay müddətində təzə qala bilər.

Qatığı aldıqdan sonra ən çox 7 gün ərzində  istehlak etmək lazımdır. Bəzi insanlar qıcqırmış, yəni turşumuş qatıqdan dovğa, ayran hazırlamağı çox sevirlər. Amma insanların çoxu şirin qatıq istehlak etməyi üstün tutur. Yaxşısı budur ki, süd və süd məhsullarını  istifadədən asılı olaraq az miqdarda və tez-tez alın.

Kərə yağı iy-qoxunu özünə tez çəkir. Ona görə də kərəyağlarını dar və sərt  sellofanlara büküb saxlayırlar. Bu qaydalara əməl olunarsa soyuducuda 1 ay, dərin dondurucuda 6 ay xarab olmadan saxlamaq olar.

Pendir də saxlanma şəraitinə düzgün riayət edilməzsə tez xarab olan qidalar sırasındadır. Lap qədimdən pendiri dəri tulumlarda və ya duzlu suda saxlayırlar. Pendirin növündən asılı olaraq saxlanma tərzi də dəyişir. Məsələn, holland pendirini ancaq sərt sellofan paketlərə kənar, qoxunu içəri buraxmayan bir tərzdə büküb saxlamaq lazımdır. Bərk pendirləri isə duzlu suda, şüşə balonlarda uzun müddət saxlamaq olar. Sellofan paketlərə isə hava keçirməyən tərzdə bükülüb saxlanılarsa soyuducuda 3-4 həftə təzəliyini itirmədən qalır.

 Pendir kiflənmişsə, 1-2 sm qalınlığında kifli hissəni kəsib, yaxşıca təmizlədikdən sonra yemək olar. Krem pendirləri paket açıldıqdan sonra 2 həftə soyuducuda təzəliyini itirmədən saxlamaq olar.

Kəsmik adətən şüşə qablarda saxlanılır. Kənd üsulu ilə hazırlanmış kəsmiyi (lori dildə şor) duzlayıb, ağzını hava çəkməyən bir tərzdə bağlayıb uzun müddət soyuducuda saxlamaq olar. Duzsuz kəsmiyi isə sellofan paketlərdə buzxanada saxlamaq olar.

Dəniz məhsulları

Dəniz məhsullarını sudan çıxan kimi, təzə-təzə almaq məsləhətdir. Ən çox 2 gün ərzində istehlak edilməlidir.

Təzə dəniz məhsullarını hava keçirməz, qapaqlı, yaxşıca bağlanmış bir qabda soyuducuda ən çox 2 gün saxlamaq olar. Buzxanada isə bu müddət uzadılır.

Balığı isə təmizləyir, yaxşı-yaxşı yuyur, duzlayıb istiotladıqdan sonra buzxanada sellofan paketlərə büküb uzun müddət saxlamaq olar.

Əsl  evdar xanımlar ət və balıq məhsullarını hissələrə ayırıb (lori dildə, bir bişirimlik) buzxanaya, ayrı-ayrı sellofan paketlərdə qoyurlar. Beləliklə, həm vaxta qənaət edilir, həm də bir dəfə yemək bişirmək üçün bir neçə kilo ətin buzunun açılmasını gözləmirlər. Bunu da yaddan çıxartmaq olmaz, ətin donu tez-tez açılıb, yenidən dondurularsa keyfiyyəti aşağı düşür.

Dondurulmuş dəniz məhsullarını alarkən son istifadə etmə tarixinə mütləq fikir vermək lazımdır. Vaxtı keçmiş məhsullar ağır zəhərlənmələrə səbəb olur. Dondurulmuş dəniz məhsullarını alıb evə gətirən kimi  orijinal qabında buzxanaya qoymaq lazımdır. İstifadə edildiyi zaman isə soyuducudan çıxardıb, soyuq su altında və ya mikrodalğalı sobada donunu açmaq olar.

Meyvə və tərəvəzlər

Meyvələri əvvəlcədən yuyub soyuducuya qoymayın. İstifadə etdikcə yuyun. Çünki nəm çürüməni sürətləndirir.

Meyvə və tərəvəzləri bir yerdə saxlamayın. Meyvələri ayrı, tərəvəzləri ayrı saxlayın. Çünki bəzi meyvələr özündən etilen qazı buraxır, bu da tərəvəzlərin daha tez xarab olmasına səbəb olur.

Meyvə və tərəvəzləri dəlikli qablarda soyuducuda saxlamaq olar.

Meyvə və tərəvəzlərin heç də hamısını soyuducuda saxlamaq lazım deyil. Bəzi meyvə və tərəvəzləri otaq temperaturunda da saxlamaq olar. Kartof, soğan, sarımsağı soyuducuya qoymaq olmaz. Bunları dəlikli qablarda, günəş işığı düşməyən, sərin otaqda saxlamaq lazımdır. Pomidor və xiyar da 4-5 günə istifadə ediləcəksə otaq temperaturunda saxlanıla bilər. Banan kimi meyvələr isə 2-3 gün ərzində yeyiləcəksə otaq temperaturunda təzə qala bilər. Qabıqları qaralsa içi daha uzun müddət sərt qalacaq.

Göbələkləri kağız torbada soyuducuya qoyun. Hava keçirməz bir qabda saxlamaq nəmlənməsinə və kiflənməsinə səbəb olar.

 Ənginar, quşqonmaz, kərəviz kimi tərəvəzlərin tərkibində olan suyun azalıb təzəliyini itirməməsi üçün soyuducuda saxlanması daha faydalıdır.

Göy-göyərti də tez xarab olan qidalar sırasındadır. Bəzi xanımlar göyü təmizləmədən süfrəyə büküb soyuducuda saxlayırlar. Bəziləri isə təmizlədikdən sonra suyunun çəkilməsini gözləyib, süfrəyə büküb, ya da balona yığıb, ağzını rezin qapaqla bağladıqdan sonra soyuducuya qoyurlar. Hər iki üsulda göy öz təravətini bir neçə gün saxlaya bilir.

Ət çeşidləri

Çalışın təzə kəsilən heyvanın ətini alın. Ət suyunun digər ərzaqlara qarışmaması üçün mütləq ayrıca bir paketə qoyun.

Əti soyuducunun ən soyuq  hissəsində 2 ilə 4 dərəcə arasında saxlayın. Çiy əti bir qaba qoyduqdan sonra plastik bir paketin içinə qoyun ki,  suları axıb digər yeməklərə bulaşmasın. Əgər əti aldıqdan  sonra, 1-2 gün ərzində istehlak etməyəcəksinizsə paketə qoyub buzxanada saxlayın. Ət məhsullarını uzun müddət yalnız buzxanada donmuş halda saxlamaq olar. Çalışın əti buzxanada çox saxlamayasınız. Hər halda hər şeyi təzə-təzə istifadə etmək daha yararlıdır. İstifadə etmə tezliyinizdən asılı olaraq az miqdarda və tez-tez alın.

Qablışdırılmış ət məhsullarının üzərində yazılan saxlama təlimatlarını mütləq oxuyun. Ən son istifadə tarixinə diqqət edin.

Qırmızı, çiy ət soyuducuda ən çox 3-4 gün qalar. Sosiska və kolbasa paketi açıldıqdan sonra 5 gün, hisə verilmiş ətlər 1 həftə istifadəyə yararlı ola bilər. Buzxanada saxlanıldıqda  isə bu müddət uzadılır. Hisə verilmiş ətləri dondurmaq isə elə də yaxşı fikir deyil.

Qırmızı ət dərin dondurucuda 6-12 ay, sosiska və kolbasa 1-2 ay saxlana bilər. Hisə verilmiş ətləri dondurmaq çox yaxşı bir fikir deyil.

Aldığınız qıymanın hamısını istehlak edə bilməyəcəksinizsə, qovurub kiçik qablara bölərək dərin dondurucuda-buzxanada saxlaya bilərsiniz. Hətta soğanla qovursanız belə yemək hazırladığınız  zaman sizə çox vaxt qazandıracaq.

Əgər dondurmayacaqsınızsa, toyuğu istifadə etmə tarixindən əvvəl istehlak etməlisiniz.

Bişmiş hind toyuğu və ya toyuq əti 3-4 gün içində istehlak edilməli ya da dondurulmalıdır. Toyuq və hind toyuğu əti dərin dondurucuda 9-12 aya qədər saxlanıla bilər.

Yumurta

Yumurta alarkən son istifadə etmə tarixinə diqqət yetirin. Orijinal paketin içində soyuducunun orta və ya alt rəfində saxlayın. Alt rəflərdə istilik üst rəflərə görə daha az dəyişir. Yumurtalar soyuducuda 3 həftəyə qədər təzə qala bilər. Bərk bişmiş yumurta qabığı soyulmadan 1 həftə, yumurta ağı 4 gün, yumurta sarısı isə sıx bağlı bir qabda 2 gün müddətində soyuducuda saxlanıla bilər.

Yeməklər

İlk növbədə çalışın ki, digər günə boyat yemək qalmasın. Hər şeyi təzə halda istehlak edin. Əgər gün ərzində bişirilən yemək yeyilməyibsə, mütləq soyuducuya qoyun. Yeməkləri bağlı, şirəli qazanlarda soyuducuya qoymaq lazımdır. Əks halda zəhərlənmələr ola bilər. Sağlamlığı qorumaq üçün  heç vaxt soyuducuya ağzı açıq şəkildə yemək qoymayın. Boşqabda qoymaq istəsəniz, mütləq üzərinə sellofan paket (başqa seçimləriniz varsa, onu da sınayın) keçirdin.

İşıqlar sönsə...

İşıqlar sönəndə soyuducudakı qidaların istiləşməsini, buzxanadakıların donunun açılmasını gecikdirmək üçün soyuducunun qapaqlarını sıx bağlayın. Soyuducu qapağı açılmadan yeməkləri 4 saat soyuq tuta bilər. Dərin dondurucu içi tamamilə dolu ikən 48 saat, yarı doluykən 24 saata qədər içindəkiləri donuq tuta bilər. Dərin dondurucudakı buzlar əriyibsə,  içəridəki yeməkləri tez bir zamanda  istehlak etmək lazımdır.

Sonda nənə və babalarımızın bizlərə tövsiyə etdiyi bir fikiri unutmamaq lazımdır: “İsrafçılıq ən böyük günahdır. İsraf etdiklərinlə neçə-neçə aclara kömək edəcəyini hər zaman düşünməlisən”.

Vüsalə Əlövsətqızı, TurpKimi.com