REKLAM

Həbib Nurməhəmmədov KİMDİR? - Uşaqlığı, ailəsi və sadə kəndli oğlanı zirvəyə aparan SƏBƏB!


"Güc tətbiq edən ağıllı deyil, ağlın gücüylə müdafiə olunanlar haqlıdır".

news
REKLAM

- Həbib Abdulmanap oğlu Nurməhəmmədov 20 sentyabr 1988-ci ildə Dağıstanın Çumadinski rayonunun Sildi (Mahaçqala) kəndində doğulub.

- Rusiyanın qarışıq döyüş üzrə idmançısıdır.

- Özünə “qartal” (The Eagle) ləqəbi götürüb.

- Yüngül çəki üzrə UFC (Ultimate Fighting Championship) çempionudur.

- Milliyyəti avardır.

- Avar dilində adı Xlabib Nurmuxlamadov-dur.

- Hazırda Rusiya və ABŞ-da yaşayır. İdmançının iki vətəndaşlığı var.

- Nurməhəmmədov müsəlmandır, İslam dinini qəbul edib, Allaha inanır və Quranda yazılanlara riayət edir.

- Mahaçqala şəhərində Maliyyə-İqtisadiyyat kollecini bitirib. Moskvada İqtisadiyyat Universitetinin 4-cü kursunda təhsil alır.

Həbib Nurməhəmmədov güləşçilər ailəsindəndir. Atası - Abdulmanap Nurməhəmmədov sərbəst güləş və sambo üzrə Ukrayna çempionu olub. Atasının qardaşı - Nurməhəmməd Nurməhəmmədov 1992-ci ildə  sambo idmanı üzrə dünya çempionluğunu qazanıb. Dayısı isə sərbəst güləş üzrə idman ustasıdır. Özündən 1 il 6 ay kiçik olan qardaşı Abubakarla birlikdə məşq edib. Abubakar həm də peşəkar döyüşçüdür və WSOF-da (World Series of  Fighting) çıxış edir.

Atası təkcə güləşçi deyil, həm də Həbibin sərbəst güləş üzrə ilk məşqçisidir. Atası 5 yaşından etibarən onunla bu döyüş sənəti üzrə məşğul olmağa başlayıb. 

Həbib: “Ağlım kəsəndən özümü döşəkdə xatırlayıram”.

Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov

Hələ uşaqlıqdan Həbib əzmkar və ciddi xarakteri ilə digərlərindən seçilib. Bu balaca oğlan uşağı özünü hər zaman həyatını döyüş sənətinə həsr edən atasına oxşatmaq istəyib, onun qələbələriylə fəxr edib. Atası da oğlunu tərifləyər və ona döyüşün bəzi texnikalarını mənimsəməkdə kömək edərdi. Məktəbə getməyə başlayanda oğlunun həmyaşıdlarından güclü olduğunu görən ata narahatlıq hissi keçirir və Həbibə heç vaxt unutmayacağı bir cümləni deyir:

"Güc tətbiq edən ağıllı deyil, ağlın gücüylə müdafiə olunanlar haqlıdır".

Uşaq heç vaxt atasının sözündən çıxmaz və onu məyus etməmək üçün əlindən gələni edərdi.

Gözünü açandan çox mehriban dağıstan ailəsində, sevgi və böyüklərə hörmət içərisində böyüyüb. Körpəlikdən ata-anası onlarda Allaha sevgi və inamı aşılayıb, Quranda deyilənlərə ciddi şəkildə əməl etməyi öyrədiblər.

Müsəlman olan Həbib Allaha ibadət edir, siqaret çəkmir, spirtli içki içmir. İdmançının indiyə qədər hər kəsə sirr olaraq qalan həyat yoldaşı da Allaha ibadət edir. Tez-tez qardaşıyla Məkkəyə həcc ziyarətinə gedir, Ramazanda bütün işlərini təxirə salaraq həmin ayı ancaq ibadətə həsr edir.  

Balaca oğlanın ayağı yer tutan kimi idmanla məşğul olmağa başlayır. Gələcək çempion səhər tezdən duraraq həyətdə qaçar, məşq edərmiş. 5 yaşında onu yerli klublardan birinə döyüşməyə göndərirlər. Hətta o, burda ilk dəfə rinqdə döyüşərək çox yaxşı nəticə göstərir. Lakin 5 ildən sonra ailəsi uşaqlarının həyat şəraitini yaxşılaşdırmaq üçün Mahaçqala şəhərinə köçürlər. Həbib müsahibəsində atasının 15 ailə üzvünü bir damın altında topladığını və  7-8 il birlikdə mehriban, hörmət içərisində yaşadıqlarını deyib: "Birlikdə yeyər, məşq edər və layiqli gənclər olaraq böyüdük". Atası burda çox da böyük olmayan idman klubu açır. Gözəl məşqçi kimi tanınan Abdulmanap tez bir zamanda bir çox valideynlərin və gənclərin diqqətini çəkir. Getdikcə kluba ciddi məşqlər etmək üçün gənclər axın edir və həmin müddətdə Həbib də dərslərdə iştirak edərək bir çox şeyi öyrənir.

Atası Həbibin dünya şöhrətli idmançı olmasında təkcə məşqçi kimi deyil, həm də ən yaxın həyat məsləhətçisi kimi mühüm rol oynayıb. Belə ki, idmançı 15 yaşında gizlincə işə düzəlib mühafizəçi işləmək qərarına gəlir. Hətta artıq işlə bağlı razılığa da gəlmişdilər, lakin kimsə bu haqda atasına məlumat ötürür. Bu məsələ ailə məclisində müzakirəyə qoyulur və işləməyəcəyi haqda qəti qərar verilir. Həbib valideynlərini sevdiyi üçün etiraz edə bilmir, sadəcə pul qazanmaqla onlara maddi kömək etmək istədiyini deyir. Əgər atası o vaxtı Həbibi dayandırmasaydı, bu gün o, idmanda bu naliyyətləri qazana bilməzdi.

“Əgər sən hardasa işləyəcəksənsə, demək idmançı deyilsən. Deməli, sənin başqa işin var. Yox, əgər idmançısansa, sən bununla yaşamalısan. Sən hər səhər tezdən durmalı və məşq etməlisən. Evə gəlib yeməli və yatmalısan. Sənə lazım olan hər şeyi mən verəcəm. Sənə pul ancaq su və qatar üçün lazımdır. Yemək isə evimizdə hər zaman var.

Çempion olmaq istəyirsən? Onda unutma, idmançı pul haqqında deyil, ancaq qələbə və məşq etmək haqqında düşünməlidir. Yalnız uzun müddət və əzmlə çalışan insan zirvəyə qalxmağı öyrənər” – Həbibin atası deyib.

İdmançı 2 il dayanmadan hər gün məşq edir və 17 yaşında atası onun əsl idmançı olduğunu və döyüşlərə hazır vəziyyətə gəldiyini görür. Hərdən atası belə oğlunda olan arzuların böyüklüyünə, istədiyi nəticəni ala bilmək üçün göstərdiyi səylərə, əzmkarlığa təəccüblənərdi. Daha sonra atası oğlunun təkcə cüdo ilə deyil, qarışıq döyüş növləri ilə də məşğul olmaq vaxtının gəlib çatdığını görür. Beləliklə, Həbib sevdiyi döyüş sənəti sambo ilə məşğul olmağa başlayır. Kumirlik etdiyi Fedor Emelianenko, Rüstəm Muxtarov və Rüstəm Həbilovun döyüşlərinə baxaraq onların rinqdə özlərini necə aparmalarını öyrənir.

Bir dəfə Həbibin əlinə qaydasız döyüş növü üzrə kaset keçir. Kasetə baxdıqdan sonra idmançı sərbəst güləşdən başqa, özünü yeni döyüş texnikalarında və idman növündə - samboda sınamaq istəyir. Lakin atası ona “Əvvəlcə sən kurtkada döyüşməyi öyrənməlisən” deyərək onu Rusiyada cüdo üzrə məşqçi dostu Cəfər Cəfərovun yanına aparır. Onun yanında 2 ilə yaxın məşq etdikdən sonra 2005-ci ildə artıq sambonun döyüş növünə keçir və yenidən məşqçisi atası olur.

Bu gün demək olar ki, Həbibin bütün arzuları gerçəkləşib. O, çempiondur, atası onunla fəxr edir. Ən əsası döyüşçü olmasına baxmayaraq, hər kəs Həbibi gözəl, qayğıkeş, mehriban bir insan kimi tanıyır.

Nurməhəmmədovun əldə etdiyi bu qələbələr sübut edir ki, bəli, sadə bir kəndli oğlan dünya çempionu ola bilər. Həbibin atasının dediyi kimi: "Əsas odur ki, inanasan, səbrli olub məşq edəsən!"

DAVAMI OLACAQ...

Firuzə Alimova / TurpKimi.com

REKLAM