Əridilmiş kərə yağının faydaları - Şərq mətbəxinin qədim ənənəsi


Elə qida məhsulları var ki, qızdırılanda faydası zərərindən çox olur, kərə yağı kimi...

news

Bir çoxlarının sevdiyi, ancaq yeməkdən çəkindiyi kərə yağını daha sağlam vəziyyətə gətirmək mümkündür. Bu, keçmişdən bildiyimiz, lakin unudulmuş bir üsuldur və Qafqaz, Anadolu, Hindistan, Banqladeş, Pakistan, Osmanlı və fransız mətbəxində özünü göstərmişdir. İngilis dilində “Ghee” adlanan  kərəyağının faydalısı “sadə yağ”dır.

“Sadə yağ” – süd və süd məhsullarından alınan, su və yağsız quru maddə elementlərindən təmizlənmiş, tərkibinin 99 faizi süd yağına malik olan məhsul kimi tərif edilir.

Dr. Ender Saraç “kərə yağında beyin üçün faydalı vitaminlər var. Tərkibində xolestrol yüksək olduğu üçün xolestrol problemi yaşayan insanlara məsləhət edilmir. Amma tərkibində kalium da var. Kərə yağı yeməyi sevirsiniz, amma mənfi təsirlərinin olmasını istəmirsinizsə, onu saf yağ halına gətirin”, - deyə bildirib.

Sadə yağın digər yağlarla müqayisədə faydalı üstünlükləri var:

- Sadə yağ kərə yağı və digər yağlardan fərqli olaraq, yeməkləri çox ləzzətli edir. Bişirdiyiniz yeməyə 1 və ya 2 xörək qaşığı vurmağınız kifayət edir.

- Sadə yağ 200-240 dərəcə istiliyə qədər dayanıqlıdır.

- Sadə yağdan qızartmalarda istifadə edə bilərsiniz.

- Soyuducuda 1 il saxlaya biləcək qədər dayanıqlıdır.

- Daha faydalıdır, çünki tərkibində laktoz və oksidləşmiş xolestrol yoxdur.

- A, D, E vitaminləriylə zəngindir. Bundan başqa, tərkibindəki K2 vitamini sümüklərin güclənməsinə kömək edir.

Kərə yağı otaq temperaturunda qatı halda olur. 15 dərəcəyə çatdıqda çörəyin üstünə sürtülə biləcək hala gəlir. Kərə yağı süd yağından (82 faiz), süd proteinindən (kazein) və sudan ibarətdir. Sadə şəkildə desək, kərə yağı su və süd yağının qarışımından, yəni bir-birinin tərkibində həll olunmayan iki mayenin qarışımından ibarətdir.

Kərə yağı 37 dərəcəyə çatanda əriməyə başlayır və 40 dərəcədə tam olaraq əriyir, lakin tərkibi bir-birindən ayrılmamış halda olur. Daha da qızdırıldıqda, su və yağ bir-birindən ayrılmağa başlayır. 100 dərəcədə isə tərkibindəki su buxarlanır. 150 dərəcədə isə kərə yağı yanma dərəcəsinə çatmış olur. Bu zaman yağda yanan əslində kazeindir. Ona görə də kərə yağından qızartma və biş-düşdə istifadə etmək istəyirsinizsə, sadə yağ halına, yəni kərə yağından kazeini və suyu çıxarıb saf yağ vəziyyətinə gətirməklə istifadə edin.

Kərə yağından Sadə yağ necə alınır?

Bunun üçün inək südündən hazırlanmış təbii və duzsuz kənd yağınız olmalıdır. 1 kq kərə yağını altı qalın olan qazanda, az istilikdə əritməyə başlayın. Yandırmamaq üçün taxta qaşıqla davamlı qarışdırın. Yağın üzərində yaranan köpükləri taxta qaşıqla götürün. Su buxarlanacaq və dibində ağ tortular yaranacaq. Təqribən 20 dəqiqədən sonra su tamamilə buxarlanacaq və köpük yaranmamağa başlayacaq. Bu zaman altını söndürün.

Firuzə Alimova / TurpKimi.com