REKLAM

İtalyan mətbəxinin məşhur makaron sousları - 14 ləziz resept


İtalyan mətbəxinin ən məşhur yeməklərindən biri olan makaronu çoxları sevir, xüsusilə də uşaqlar. 

news
REKLAM

Müxtəlif çeşidli  sous və pendirlərlə rəngləndirə bildiyimiz bu ləzzət uyğun ərzaqlarla birləşdikdə olduqca ləzzətli və eyni zamanda da bəsləyici ola bilir. 

TurpKimi.com bir-birindən  ləzzətli 18 makaron sousunun hazırlanma qaydasını təqdim edir:

1. Alfredo sousu

Hazırlanması çox asandır. 3 yemək qaşığı kərəyağını geniş bir tavada əridin. Sonra  200 qram qaymaq, yarım su stəkanı rəndələnmiş parmezan pendiri, 1 çay qaşığı duz, istədiyiniz  qədər qara istiot və yarım su stəkanı makaron suyu əlavə edin. Bütün ərzaqları qarışdırın,  sousunuz hazırdır.  Nuş olsun!

2. Pesto sousu

4 diş sarımsağı mətbəx robotuna atın və qarışdırın. Yarım dəstə yuyulmuş və  çöplərindən təmizlənmiş reyhan,  yarım çay stəkanı şam fıstığı əlavə edərək qarışdırmağa davam edin. Bütün ərzaqları yaxşıca qarışdırdıqdan sonra yenə yarım dəstə reyhan, yarım su stəkanı rəndələnmiş parmezan, 1/4 su stəkanı zeytunyağı və istədiyiniz qədər duz-qara istiot əlavə edin. Homogen bir qarışıq əldə edənə qədər qarışdırın. Sous hazırdır. 

3. Marinara sousu

1 yemək qaşığı zeytunyağını geniş bir tavada qızdırın, sonra  1 ədəd incə-incə doğranmış soğanı əlavə edin və qovurun. 2 su stəkanı pomidor püresini də tavaya əlavə edin və bişirməyə davam edin. 1 ədəd dəfnə yarpağı, təzə çəkilmiş qara istiot, kəklikotu və duz qataraq sousunuzu dadlandırın. Zövqə görə bir qaşıq doğranmış reyhan da əlavə edə bilərsiniz.  Ədviyyatların sousunuzla qaynaşması üçün asta odda 20 dəqiqəyə qədər qaynadın. Sousunuzu servis etməzdən əvvəl dəfnə yarpağını çıxartmağı unutmayın. Nuş olsun!

4. Bolonez sousu


Geniş bir qazana 1 yemək qaşığı zeytunyağı tökün. Sonra 1 ədəd incə-incə doğranmış soğan, 1 ədəd kub şəklində doğranmış kök və 1 ədəd xırda doğranmış kərəviz sapını əlavə edərək qovurun. Bütün ərzaqlar yumşaldıqda 700 qram çəkilmiş ət və 2 diş rəndələnilmiş sarımsaq əlavə edin, qovurmağa davam edin. Daha sonra yarım su stəkanı qırmızı şərab əlavə edin və qazanın qapağını bağlayaraq 10 dəqiqəyə qədər zəif odda qaynamağa buraxın. Bişmiş sousa1 su stəkanı pomidor püresi və 1 yemək qaşığı tomat əlavə edin. Əgər varsa ət suyu, yoxsa makaron suyu əlavəsi ilə sousunuzu dadlandırın. Qara istiot və duz əlavə edin. Makaron sousu hazırdır! Nuş olsun!

5. Balqabaqlı alfredo sousu

Geniş bir tavada 100 qram kərəyağını əridin. 2 diş xırda doğranmış sarımsaq əlavə edərək qovurun və 1 çay qaşığı bibəriyə, 3/4 su stəkanı balqabaq püresini əlavə edin, bişirməyə davam edin. Ərzaqlar bişdikdən sonra yarım su stəkanı süd, bir çimdik muskat cevizi rəndəsi və yarım su stəkanı parmezan əlavə edin, qarışdırmağa davam edin. İstədiyiniz qədər qara istiot və duz əlavəsi ilə dadlandırın. Nuş olsun!

6. Limonlu sous


1 ədəd limonun suyunu 50 qram kərəyağı ilə birlikdə bir sous qazanına əlavə edin. 200 milli qaymaq əlavə edin və zəif odda bişirin. Limon suyu və qaymaq qarışdıqdan sonra yarım su stəkanı rəndələnilmiş parmezan əlavə edin və 2-3 dəqiqəyə qədər bişirməyə davam edin. Hazırladığınız sousu zövqə görə  qara istiot və duzla dadlandırın. Limonlu sousu hazırladığınız makaronla qarışdırın və servis  etməzdən əvvəl limon qabığı rəndəsi ilə rəngləndirin. Nuş olsun!

7. Carbonara sousu


200 qram dana budunu incə lentlər şəklində doğrayın. 100 qram parmezan pendirini rəndələyin və bir kasaya tökün. Üzərinə 4 ədəd yumurta sarısı və 2 ədəd yumurta əlavə edərək qarışdırın. Bir qazanın içərisinə 5 yemək qaşığı zeytunyağı əlavə edin və budları qızardın. Qızartdığınız budları qazandan götürərkən qazandakı yağı götürməməyə diqqət edin. Qaynatdığınız makaronları qazana əlavə edin və bud ətinin yağı ilə gözəlcə xırmanlayın. Makaron və yağı qovurun, hazırladığınız yumurtalı qarışığı yavaşca qazana əlavə edin. Bu əsnada makaronu tez-tez qarışdırmağı unutmayın! Krem şəklində olan makaronunuzu kasalara tökün  və üzərinə bud ətini əlavə edərək servis edin. 

8. Mac&Cheese sousu


Geniş bir qazanın içərisinə 2 yemək qaşığı kərəyağı tökün və 2 çay qaşığı təzə çəkilmiş qara istiotu qovurun. Sonra qazana 200 qram qaymaq əlavə edin və sıra ilə 100 qram duzsuz krem pendir, ya da labne pendiri, 150 qram cheddar və yarım su stəkanı parmezan pendiri əlavə edin. Bütün ərzaqları yaxşıca qarışdırdıqca makaronu əlavə edə bilərsiz.

9. Qırmızı pesto sousu


6 ədəd ançüezi; 4 ədəd rəndələnilmiş sarımsaq, 5 yemək qaşığı zeytunyağı və yarım su stəkanı qozla birlikdə bir sous tavasında bişirin. Sarımsaqları qızarana qədər, yəni 4-5 dəqiqə bişirin. 1 su stəkanı pomidor püresini də qazana əlavə edin və 2 dəqiqəyə qədər qaynadın. Bütün ərzaqlar qarışdıqdan sonra sousunuzu oddan götürün  və soyudun. Soyuyan sousu blenderə tökün və içərisinə 1 çay qaşığı pul bibər, 3 yemək qaşığı limon suyu, 100 qram parmezan və bir çimdik duz əlavə edin və qarışdırın. Hazırladığınız sousu makaronla qarışdırarkən 50 qram kərəyağı əlavə edin. Nuş olsun!

10. Ağ pesto sousu


Sobanı 200 dərəcəyə nizamlayın. Yağlı kağız yerləşdirdiyiniz bir soba nimçəsinə yarım su stəkanı qoz tökün. Qozları 6-8 dəqiqəyə qədər qovurun. Qovrulan qozları soyudun. Geniş bir qarışdırma qabına 100 qram ricotta pendiri, 1 yemək qaşığı limon qabığı rəndəsi, rəndələnmiş 1 diş sarımsaq, 1 çay qaşığı kəklikotu, 50 qram rəndələnilmiş parmezan və rəndələnmiş qoz əlavə edin, yaxşıca qarışdırın. 1 yemək qaşığı zeytunyağı əlavə edərək qarışdırmağa davam edin. İstədiyiniz qədər duz və qara istiotla dadlandırın. Nuş olsun!

11. Napoliten sousu

2 yemək qaşığı zeytunyağını geniş bir tavada qızdırın. 2 diş rəndələnmiş sarımsağı qovurun. 4 ədəd pomidorun qabığını soyun və rəndələyin. Rəndələdiyiniz pomidorları da tavaya atın və 5 yarpaq doğranmış reyhanla bişirin. İstədiyiniz qədər duz, qara istiot və kəklikotu əlavə edin. Sousunuzu servis etməzdən əvvəl yarım su stəkanı rəndələnilmiş parmezan pendiri əlavə etməyi unutmayın. Nuş olsun!

12. Arrabbiata sousu


Makaron sousu deyəndə ağla ilk gələnlərdən biri də arabbiatadır. Geniş bir tavaya 3 yemək qaşığı zeytunyağı tökün. Xərda-xırda doğranmış 1 ədəd soğan və 2 diş sarımsağı əlavə edib qovurun. 4 ədəd pomidorun qabığını soyun və rəndələyin. Rəndələdiyiniz pomidorları da 1 çay qaşığı pul bibərlə tavaya tökün. Son olaraq 2 yemək qaşığı dilimlənmiş qara zeytun və 5 ədəd doğranmış reyhan yarpağı əlavə edin, 5-10 dəqiqəyə qədər qaynadın. 

13. 4 pendirli sous


Geniş bir tavada 60 qram kərəyağını əridin. 1 yemək qaşığı zeytunyağı və 3 yemək qaşığı un əlavə edərək qovurun. Bir sous qazanına 200 ml süd; 1 ədəd dəfnə yarpağı, 1 budaq bibəriyə, 1 ədəd kobud doğranmış təzə soğan və 1 budaq təzə kəklikotu ataraq qaynadın. Qaynayan südü süzün və yavaş yavaş unu qovurduğunuz qazana əlavə edin. Ardından rəndələnmş 20 qram emmental pendiri, 15 qram brie pendiri və 25 qram cheddar pendiri əlavə edin. Bütün vəsaitləri gözəlcə qarışdırın. Sousunuzu servis etməzdən əvvəl rəndələnilmiş parmezan və qara istiot əlavəsiylə dadlandırın. Nuş olsun!

14. Yay bolonezi

Yarım su stəkanı zeytunyağını geniş bir tavada qızdırın.  4 diş rəndələnilmiş sarımsağı əlavə edin və qovurun. 500 qram toyuğu çox kiçik parçalara bölün və 1 çay qaşığı duzla birlikdə tavaya əlavə edin. Toyuqlar bişdiyində 1/4 su stəkanı qırmızı şərab və yarım su stəkanı pomidor püresi əlavə edin. Bütün vəsaitlər yaxşıca qarışana qədər, yəni təxminən 4-5 dəqiqə bişirin. Ortadan kəsdiyiniz 6 ədəd çerri pomidoru da sousa əlavə edin. Pomidorlar yumşaldığında sousunuz hazırdır. Makaronu süfrəyə verməzdən əvvəl  bir miqdar kərəyağı və parmezan pendiri əlavə etməyi unutmayın.

Mənbə: www.bonappetit.com

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM