Yeniyetmələrin evdən qaçma halları artıb - Səbəbi nədir, niyə ailələrindən imtina edirlər?


Evdən qaçan Aysel Salahova da “valideynlərimlə bir evdə yaşamaq istəmirəm” deyib.

yeniyetmelerin-evden-qacma-hallari-artib
16.01.2020 14:25 3 dəq oxuma

“Valideynlərimlə bir evdə yaşamaq istəmirəm”.

TurpKimi.com bildirir ki, bu sözləri cinayət axtarış əməliyyatçıları tərəfindən tapılan, evdən qaçmış 15 yaşlı Aysel Salahova ilkin dindirmə zamanı bildirib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan yeniyetmə Bakının Qaradağ rayonu ərazisində tapılıb.

Xatırladaq ki, məktəbli yanvarın 13-ü saat 00:05-də evdən çıxıb. Qız valideynlərindən gizli şəkildə taksiyə əyləşib və gedib.

Xoşbəxtlikdən Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi yeniyetmənin xoşagəlməz sərgüzəştlərə düşməzdən əvvəl tapılmasına yardım edib. A.Salahova valideynlərə təhvil verilib.

“Problem ondadır ki, qız ailəsi ilə birlikdə yaşamaq istəmir. Yaxşı ki, başına pis heç nə gəlməyib. Qaradağ rayonunda nə axtardığı bəlli deyil. Ancaq görünür ki, qızın bütün hərəkətləri sosial şəbəkələrdə naməlum insanlarla ünsiyyətlə bağlıdır.

Buna görə də valideynlər övladlarının kimlə ünsiyyətdə olması və vaxtını necə keçirməsi məsələlərində çox diqqətli olmalıdır. Sosial şəbəkələr əhalinin, xüsusən də gənc nəslin psixi sağlamlığına ciddi təhlükə yaradır”, - hüquq-mühafizə orqanlarından bildirilib.

Mütəxəssislərin sözlərinə görə, təcrübə onu göstərir ki, ümumiyyətlə yeniyetmələr sosial şəbəkələrdə tanımadığı şəxslərlə tanış olurlar. Sonuncular müxtəlif vədlər vasitəsilə qızları evdən çıxarıb, sonra sadəcə istifadə edir və yeniyetmələrə qarşı müxtəlif cinayətlər törədir.

Bununla əlaqədar polis əməkdaşları narkomaniya, məişət zorakılığı və erkən nikahla mübarizə üçün profilaktik tədbirlər görürlər. Bunun üçün hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq məktəblərdə maarifləndirici tədbirlər keçirir, həm müəllimlər, həm də şagirdlərlə işləyirlər. Müəllimlər xüsusilə risk qrupuna daxil olan uşaqlara diqqət yetirməlidirlər.

Maarifləndirici tədbirlərin əsas məqsədi sağlam mühit və ailə dəyərlərinin qorunmasıdır.

Bu arada, məşhur psixiatr, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov "Oxu.Az"a açıqlamasında sosial şəbəkələrin təhlükəli olduğunu, ancaq bunun heç də ailədəki qeyri-sağlam vəziyyətdən daha artıq təhlükə doğurmadığını bildirib.

“Sosial şəbəkələr təhlükəlidir? Bu sualı XX əsrin əvvəlində avtomobillərlə bağlı da vermək olardı. Bəli, təbii ki, təhlükəlidir. Ancaq bu gün maşınlarsız kim keçinə bilər? Eyni şeyi sosial şəbəkələr barəsində də demək olar – bu, dördüncü elmi-texniki inqilabın bir hissəsidir. Dünya kompüterləşir, sözügedən prosesi qəbul etməmək mümkündür, amma çətin ki, belə bir münasibət nəyisə dəyişdirsin.

Əgər belədirsə, onda niyə bütün uşaqlar valideynlərindən qaçmırlar? Evdən qaçmaqla bağlı istənilən halda yeniyetmələrin hərəkətlərinə təsir göstərən amillərin kombinasiyası mövcuddur”, - psixiatr bildirib.

Onun sözlərinə görə, çox vaxt uşaqların qaçdığı ailələrdə qarşılıqlı anlaşma olmur, bura əlverişsiz vəziyyət və valideynlər arasında gərgin münasibətlər aiddir. Uşaqlara qarşı fiziki zorakılıq tətbiq olunur. Uşaqların evdən qaçmasına sosial şəbəkələr deyil, məhz bu amil təsir göstərir.

“Uşağın bircə münaqişədən sonra evdən getməsi nadir hallarda olur. Bu qərar uzun müddət yeniyetmələr tərəfindən dərk olunur. Bir tərəfdən getməyə qorxurlar, digər tərəfdən isə şərait bu cür hərəkətlərə vadar edir. Lakin bu qərar boş yerə meydana gəlmir. Əgər qardaşlar, bacılar və valideynlərlə münasibətlər yaxşıdırsa heç kim uşağı öz toruna sala bilməz”, - F.İsmayılov bildirib.

Eyni zamanda, psixiatr Azərbaycanda son illərdə müşahidə olunan narahatlıq doğuran tendensiyaya – məhz ailələrdə qızlara ciddi qadağaların tətbiq olunmasına diqqət çəkib.

“Mən tez-tez bu ifadəni eşidirəm: “Biz qızımızı məktəbdən çıxardıq, daha oxumayacaq, çünki məktəb onu pozur”. Bu cəhalət haradandır, anlaya bilmirəm. Böyüklər anlamırlar ki, onların uşaqlarının da planları, həyat qaydaları var.

O, həkim, jurnalist olmaq istəyir, lakin onu zorla ərə verirlər. Mən vəziyyətin bütün ailələrdə bu cür olduğunu iddia etmirəm. Lakin bir çox zəif təhsilli ailələrdə bu cür xoşagəlməz hallar baş verir. Bununla yanaşı zənginlərdə də uşaqlarla böyüklər arasında anlaşmazlıq var.

Onları düşünülməmiş addımlardan qorumağın yeganə yolu var – onlar üçün məsuliyyət hiss etmək, uşağın hüquqları olduğunu, özünüdərkin formalaşdığını, həyat qaydalarının olduğunu anlamaq. Sadəcə uşaqlara qarşı diqqətli olmalı, bir-birimizi sevməli və etibar etməliyik”, - psixiatr fikrini tamamlayıb.