REKLAM

İsti havalarda necə rahat yatmaq olar? - Yuxumuza haram qatanlar...


Yayın qızmar günləri artıq özünü göstərməyə başlayıb. Havaların bürkülü və isti keçməsi, təbii ki, orqanizmdən asılı olaraq hərəyə bir cür təsir edir.

news
REKLAM

Orqanizm günün  yorğunluğunu yuxuda çıxardır. Havanın isti olması isə rahat yatmağa imkan vermir. Gecələr rütubətin normadan artıq  olması orqanizmin istiliyi daha çox hiss etməsinə səbəb olur.

TurpKimi.com isti havalarda rahat yatmaq üçün bəzi ipucları təqdim edir:

Şirin yuxumuza haram qatan nələrdir?

İnsan orqanizmi elə mürəkkəbdirki  bədənin temperaturu normadan aşağı və yuxarı olanda problemlərə gətirib çıxardır. Normal bədən temperaturu 36.6 dərəcədir. Temperatur 35-ə enmişsə deməli donuruq, 37-40 arası isə deməli xəstələnmişik. 

Mütəxəssislər ideal yuxu üçün 18-22 dərəcə istiliyin uyğun normada olduğunu araşdırıblar. Rahat yatmaq istəyənlərin isə xüsusilə işıqlı yerlərdən kənar durmalarını məsləhət görüblər. Amerika Birləşmiş Ştatlarında mütəxəssislərin apardığı araşdırmalara görə, bəzi insanların işıqlı yerlərdə yata bilməməsinin əsas səbəbi orqanizmdə olan yuxu hormonu-melotoninin az ifraz olunmasıdır. Melotoninin normada olmaması yuxu puzğunluğunu gətirib çıxardır.

Deməli, xüsusilə yayda, 30-40 dərəcədən də çox istidə rahat yatmaq üçün müəyyən qaydaları bilmək lazımdır. Mütəxəssislərin gəldiyi nəticə belədir:

- Stressdən uzaq olun. İdmanla (yatmazdan 2-3 saat əvvəl olmaz) məşğul olun. İlk növbədə balanslı bəslənin. Siqaret çəkməyin. Çay və qəhvə içməyi azaldın.

- Səs-küydən qaçın. Rahat yatmaq üçün səs-küyün maksimum dərəcədə içəridə eşidilməsinə mane olun. Otağınızdan səsli cihazları çıxardın. Səs-küyü eşitməməyin ən yaxşı yolu isə qulaqcıqlardan istifadə etməkdir.

- İşıq və elektrik  cihazları yuxunu pozur.  Yatmazdan əvvəl otağınızın işığını söndürün, pərdələri bağlayın, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırın. İşıqlı havada insan narahat yatır. Yayda elektrik cihazları onsuz da isti olan havanı daha da isidir.

- Kiçik yataq rahat yuxunun düşmənidir. Mütəxəssislərə görə, yataq ən az 180x240 sm ölçülərində olmalıdır. Yastıq başı qoymaq üçün yumşaq olmalıdır. Ortası çalalanmış yataqda insan narahat olur. Orqanizm dincələ bilmir. Yataqları seçərkən də diqqətli olmaq lazımdır. Düz və yumşaq, ortopedik çarpayılara üstünlük verilməlidir. Yadda saxlamaq lazımdır ki, yuxu pozğunluğu müxtəlif xəstəliklərə səbəb olur.
 
- Spirtli və kafeinli içkilər içməyin. Yatmağa yaxın spirtli içki qəbulundan qaçın. Çünki narahat formada yatmaq insanın gələcək gününü məhv edir. Baş, boyun və bel ağrıları get-gedə özünü göstərməyə başlayır. Kafeinli içkilər isə yuxunun qaçmasına səbəb olur. 1 fincan qəhvədə olan kafeinin təsiri 6-8 saat davam edir. Ona görə də, 18.00-dan sonra kafeinli içkilər içmək rahat yatmaq istəyənlərin yuxusunu pozur.

- Su sahələrinə və meşələrə yaxın olan ərazilərdə havalar sərin olur. Təbii ki, belə şərait rahat yatmaq üçün çox əlverişlidir. Həm də sahil zonalarında soyutma cihazlarının xərclədiyi enerji  yüzdə 50 azalır. Təbii mühitdə yatmaq  orqanizmə daha çox xeyirdir.

- Kondisionerdən istifadə edin. Şəhər yerlərində havalar daha çox bürkülü və isti keçir. Ona görə də, şəhər sakinlərinin  evlərini kondisionersiz təsəvvür etmək mümkün deyil. Otağa uyğun  kondisioner alınmalıdır. Kondisionerin xarici mühitdəki istilikdən ən çox 5-6 dərəcə aşağı işləməsinə fikir verilməlidir. Belə soyuducu cihazlardan qaydaya uyğun normada istifadə edilərsə, orqanizm heç bir zərər görməz.

- Sərinkeşlərdən (ventilyator) də istifadə etmək olar. Otağınızda hava axınının sərbəst hərəkət eməsi üçün üçün lazım olan şəraiti yaradın. Sərinkeşin önünə buzla dolu bir qab da qoya bilərsiniz. Buza hər dəfə külək vurduqca sərinliyi hiss edəcəksiniz.

- Otağı vaxtında havalandırın. Sübh tezdən və axşam yatmazdan əvvəl otağın pəncərələrini açın, havasını dəyişdirin. Gündüzlər pəncərəni və pərdələri açmayın. Günəş şüalarının əşyaları qızdırmasına mane olun.

- Yatmazdan əvvəl cib telefonunu söndürün. Fransada aparılan araşdırmalara görə, yataq otağında zəngi gələn telefon rahat yuxudan 50 dəqiqə oğurlayır.

- Çox hərəkət etməyin. İsti havalarda, xüsusilə yuxudan əvvəl həddindən artıq hərəkətli işlər görməyin. 

- Günəş şüaları altında çox yanmayın. Yayda həddindən artıq yanmaq yuxunun ən böyük düşmənidir. Sağlamlığın qeydinə qalmaq üçün günəş vannalarını normada qəbul etmək məsləhətdir. 

- Çox yeməyin. Həddindən artıq yağlı və şəkərli yeməklər yuxuya mane olur. İsti havada yüngül yeməklər (süd və qatıq məhsulları, qarpız, meyvə-tərəvəz, dəniz məhsulları və s.) yeyin və yemək ilə yatmaq arasında ən az 3  saat fərq olmalıdır. Ac qarına da yatmaq olmaz.

- Su insanı rahatladır. İsti havalarda tərləmənin çox olması orqanizmdə maye itkisinə gətirib çıxarır. İstidə sərinləmək üçün bol su içmək məsləhətdir.  Hər bir insanın gündəlik suya olan tələbatı  1.5-2 litrdir. Yatmazdan əvvəl isə çox maye qəbul etmək düzgün deyil. Çünki maye daha çox tərləməyə səbəb olur.

- Duş qəbul edin. Yatmazdan əvvəl ən çox 37 dərəcədə qəbul edilən  ilıq bir duş yatmağa kömək edər. Duşdan sonra otaq temperaturunda yatırsınızsa saçınız yaş qala bilər. Ən azından bu orqanizminizin sərinləməsinə kömək edər. Lakin bu hal hər kəs üçün keçərli deyil. 

- Sərin örtüklərdən istifadə edin. Üstünüzü örtmək üçün sərin, yüngül, yumşaq,  tərlətməyən, pambıq örtüklərə üstünlük verin.

- İncə, pambıq, təri üzərinə hopduran təbii parçalardan olan geyimlərə üstünlük verin. Qara paltarlar geyməyin. Açıq rənglər psixoloji olaraq insanın özünü daha sərin hiss  etməsinə kömək edir.

- Baş, əl və ayaqları sərin su ilə yaxalayın. Yatmağa gedərkən duş almaq imkanınız yoxsa baş,  əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə  bu nahiyələri açıq qoyun. Çünki bu bölgələr bədənin radiatorlarıdır.

- Su ilə dolu sprey qabı istiləndikcə nəbzinizə fışqırtmaq sərinlik gətirər və rahat yatmanıza kömək edə bilər.

- Üstünüzə örtmək üçün yüngül bir mələfəni torbaya qoyub soyuducuya qoyun, sonra üzərinizə örtün və ya sərin su ilə nəmləndirin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM