Şirniyyatı niyə sevirik? - Xəstəsiyik, yoxsa xəstəyik?


Sizcə, biz xəstəyik, yoxsa şirniyyat bizi xəstə edir?

sirniyyati-niye-sevirik
18.03.2022 14:25 2 dəq oxuma

“Şirniyyatı sevməyin bir neçə səbəbi var. Birinci, hansı yaş həddindəyik? Və bir də şirniyyata olan istəyin hansı vaxtlarda artmasıdır?”

Dietoloq Dr. Lalə Cəfərli şirniyyatdan asılı olan, hər gün yemədən dayana bilməyən insanlar haqqında TurpKimi.com-a maraqlı açıqlama verib. O bildirib ki, bu mövzuda vacib olan şey pasiyentdən düzgün informasiyanı toplamaqdır:

“Konsultasiya zamanı müəyyən etmək lazımdır ki, pasiyentdə şirniyyata istək onda özünü tanıyandan bəri var, yoxsa müəyyən problemlərdən sonra baş qaldırıb? Axı şirniyyatın müəyyən növləri var. Biz hansı növ şirniyyatı istəyirik? Məsələn, ola bilər bulka, keks tipli, yəni un məmulatlarından olan şirniyyatları, tortları sevirik. Elə insan var deyir ki, mən şirniyyat yemirəm, amma yağlı tortları və ya  dondurmanı sevirəm. Yəni tərkibində yağın miqdarı çox olan şirniyyatları sevir.

Şirniyatlara olan sevgimizin bir qismi də meyvə və şokoladlara olan istəyimizdir. Meyvələrə bağlı olan istəyimiz başqa bir xəstəliyin - bədəndə gedən dəyişikliyin əlamətidir. Tünd şokolada olan istəyimiz isə B qrupu vitaminlər, maqnezium çatışmazlığından irəli gələn xəstəliyin göstəricisidir. Ona görə də şirniyyatı sevir və xəstəsiyiksə, yaxud şirniyyata olan istəyin xəstəlik olduğunu müəyyənləşdirmək üçün biz nədən sonra və hansı növ şirniyyatlara tələbatımızın olduğunu özümüz üçün müəyyənləşdirməliyik.

Məsələn, insan var, deyir ki, axşam olan kimi meyvəsiz və ya şokoladsız qala bilmirəm. Yaxud pasiyent var bildirir ki, ürəyim elə şirin bulka, kətə çəkir və bunu hər gün yeyirəm. Bu, bədəndə hansısa çatışmazlıqdan irəli gəlir. Deməli, bədənə lazım olan ferment və vitaminlər verilmədikdə, orqanizm onu bizdən tələb edir. Həmçinin orqanizmdə maqnezium, xrom və B qrupu vitaminləri çatışmır ki, həmin istək yaranır.

Beləliklə, orqanizmdə Mg və B qrup vitaminləri çatışmayanda rutin olaraq ancaq şokoladlı məhsulları daha çox sevirik. Şokoladın tərkibində isə həmin mikroelementlər az olduğuna görə, bədən bizdən onu davamlı tələb eləyir. Amma həddindən çox yediyimiz üçün müəyyən vaxtdan sonra bizim bu istəyimiz get gedə böyüyür. Səbəbi orqanizmə lazım olan B qrup vitamini və ya maqneziumu (Mg) az miqdarda verməyimizdir. Az verdiyimiz və orqanizm həmin qidalardan mikroelementləri az aldığı üçün davamlı bizdən onları yeməyimizi istəyir. Nəticədə, müəyyən müddətdən sonra  şirniyyatdan çox istifadə etdiyimiz üçün bizdə insulin problemi yaranmağa başlayır. Buna səbəb də mədə altı vəzin sıradan çıxması olur”.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 06-08-2019