Niyə idman edərkən arıqlayır, buraxandan sonra kökəlirik? - Dietoloq Lalə Cəfərlidən detallı İZAH


Pəhriz saxlayıb idman etməklə arıqlayacağını düşünənlər özlərini aldadır.

niye-idman-ederken-ariqlayir-buraxandan-sonra-kokelirik
07.04.2019 00:33 5 dəq oxuma

Bu gün əksəriyyətimiz idmana getməklə arıqlayacağımızı düşünürük. Üstəlik kənardan verilən məsləhətlərlə ac qalıb məşq etməyə və bu yolla bir aya 5-10 kilo arıqlayacağımızı zənn edirik. Bəs, həqiqətən də pəhriz saxlayıb idmana getməklə arıqlamaq mümkündür? Bu sualı dietoloq Lalə Cəfərli ətraflı və əsaslı şəkildə sizin üçün cavanlandırıb:

“İdman saĝlamliqdir. Bizim daim formada və sağlam olmağımız üçün çox vacibdir. Amma yalnız idmanla 20-30 kq artıq çəkidən qurtulacağınızı düşünürsünüzsə çox böyük yanlışa yol verirsiniz.

Bir çox həkim və dietoloqlar deyir ki, arıqlamaq üçün mütləq idmana getməlisən. Əslində bu cəfəngiyyatdır. İdman bizi arıqlatmır, idman sadəcə günlük kalorimizi yandırır. Ümumiyyətlə, insanlar dərk eləsə ki, artıq çəki estetik problem deyil, xəstəlikdir, onlarda artıq çəki ilə bağlı fikirlər formalaşmağa başlayar. Məsələn, artıq çəkinin 99 faiz səbəbi hormonal disbalans, allergiyalar, allergiyadan törənən şişkinliklər, limfa drenajın pozulmasıdır. Limfa drenajın pozulması bizdə çox böyük həcmdə şişkinliklər əmələ gətirir. Ürək və böyrək çatışmazlığı kimi bəzi xəstəliklər var ki, onlar da bədənimizdə şişkinlik yaradır”.

Lalə Cəfərli çəkisi 100 kq-dan artıq olan bir insana idman etməsi deyiləndə orqanizmdə nə kimi fəsadların yaranmasını da izah etdi. O misal çəkərək bildirdi ki, arıqlamaq istəyən insanın 1,70 sm boyu, 120 kq çəkisi var: "Allah-təala onu elə yaradıb ki, əzələ kütləsi və bütün bədəni onurğa sütununa uyğun çəkidə olmalıdır. Yəni 1,70 sm boyda olan kişinin çəkisi 75 - 80 kq arasında olmalıdır. Çəkisi 120 kilodursa, üzərində 50 kiloya yaxın əlavə yük var. Bədənin ağırlığından onurğa yüklənir, fəqərələr sıxılır, ürək, qan-damar sistemi artıq çəkinin yüküylə çalışır, aşağı ətrafın oynaqları bu yükün təsiriylə bir-birinə preslərinirlər. Həmçinin həmin çəkidə olan insan məşq edəndə çox ciddi şəkildə ürək, qan-damar sisteminə böyük fəsad verə, ürək, ağciyər çatışmazlığı yaşaya, eyni zamanda oynaqları geri qaytarılmayacaq şəkildə zədələyə, bağların parçalanmasına qədər gətirib çıxara bilər.

İnsanlar var deyir ki, “mən idman zalına yazılmışam və sabahdan arıqlamağa başlayıram. Yemək də yemirəm, bir aya 15 kq atacam”. Əksəriyyətimiz belə düşünürük:  “Yemək yemiyəcəm, idman zalına gedəcəm və arıqlayacam”.  Bax, bu nə deməkdir?! Əgər bizim insulinimiz yüksəkdirsə, digər hormonlarımızda problem varsa, necə arıqlamaq olar? Bədəndə elə fermentlər var ki, onların çatışmazlığı bizdə artıq çəki yaradır. Həmçinin o fermentlərin normadan artıq olması bizdə şişkinliyə səbəb olur.  Bu problemlər ola-ola, üstəlik yeməyib idmanla necə arıqlaya bilərsiniz? Bu problemləri kökündən həll etməsək, onun fəsadları ilə necə mübarizə apara bilərik? Bu gülünc və gülməlidir!”

Dietoloq bir ayda 10-15 kq arıqlayıb, yenidən kökəlməklə bağlı çox ciddi bir nüansa da toxundu:

“Arıqlamağa qərar verən 120 kiloluq insan yeməyib idman etməklə həmin bir ay ərzində yalnız bədənindəki 10 litr mayeni atacaq. Lakin idmanı saxlayan kimi yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Bütün insanların diqqətinə çatdırıram ki, heç bir insan bir ayda 5 kiloqramdan çox piy hüceyrəsi yandıra bilməz, mümkün deyil. Ümumiyyətlə, 1 günə heç bir orqanizm bir kiloqram piy yandıra bilməz. Belə deyək: 1 qram piydə 9 kilokalori var. 1 kq piyi 1000-ə vuranda 9 min kkal edir. Biz 1 kq piy yandırmaq üçün 9 min kkal yandırmalıyıq. Heç atı da çapsan həmin kkal-ni yandıra bilməz.

Odur ki, insan birinci özü ilə bağlı qərar verməlidir: “mən arıqlamaq istəyirəm, bədən yığmaq istəyirəm və ya mən nə etmək istəyirəm?!”

Qeyd edim ki, əzələ yığmaq üçün gözəl kalorili yeməklər yemək lazımdır. Yəni məşq etmək üçün yemək lazımdır. Arıqlamaq üçün kalorini azaltmaq lazımdır. Və düşünün ki, bir-birinə əks olan iki şey bədəndə necə eyni addımlaya bilər?!

Bizə lazımdır ki, orqanizmdə maddələr mübadiləsini yerinə qoyaq, onun fəaliyyətini azaldan nələrdirsə, onu da kökündən həll edək”.

Lalə Cəfərli yalnış məlumatlar nəticəsində arıqlamaq istəyən insanlarda yaşanan mənfi fəsadlardan danışarkən bildirdi ki, sağlamlığında problemlər olan insanlar idmana getsə də, pəhriz saxlasa da bunun faydasından çox ziyanını görəcək:

İndi əksər məşqçilərdə belə bir şey var: məşqə gələn hər kəsi yoxlamadan insanda hansı xəstəliklərin olub-olmadığını bilmədən, ona məşq olar-olmazmı, böyrəyində problem varmı kimi xəstəliklərini soruşmadan onlara protein tərkibli qidalarla qidalanmalarını məsləhət verirlər. Və yaxud deyirlər ki, axşamlar kəsmik ye. Kəsmiyin insulin indeksi çox yüksəkdir. Məsələn, siz axşam 5 kilo ətin kababını yesəniz həyatı boyu kökəlmərsiniz, amma 200 qram kəsmik yesəniz kökələcəksiniz. İnsulin indeksi yüksək olan qidalardan uzaq durmaq lazımdır.

Həmçinin bəziləri deyir ki, yemək yeməyəcəm, idmana gedəcəm. Sən yemədin və idmana getdin, idmanda məşq edərkən qana kartizol atılır və bütün hormonlarda dəyişiklik başlayır. Həmin vaxt qana insulin də atılır. Bu o deməkdir ki, sən yeməsən belə, axşam gəlib evdə 1 stəkan su içib və ya 1 dilim şokolad yesən dərhal piylənməyə gedəcək.

Məsələn, bəzi insanlar deyir ki, mən idmana getdim 5 kilo arıqladım, idmanı atan kimi 15 kilo kökəldim. Onların atdığı piy deyil, sadəcə sudur. Bədəndə insulin yüksək olduğu üçün piy yerində qalır. Bunu daha sadə bir şəkildə izah edim: yumşaq maçalkalar olur. Suya saldıqda şişir, sudan çıxardıqda balacalaşır. İnsan yeməyəndə əzələ qurumağa başlayır, sonra əzələnin ölçüsündə azalma olur. İtirilən isə əzələ kütləsi olur və piy olduğu kimi qalır. Ona görə də idmanı saxlayandan sonra siz yemək yeyəndə və ya su içəndə ac olan əzələ kütləsi dərhal şişir. Çünki gedən əzələ kütləsindəndir, piydən deyil. Arıqlamaq üçün mütləq yemək lazımdır. Həmçinin arıqlamaq üçün birinci piyi həll etmək, sonra əzələyə işləmək lazımdır. Amma bizdə isə əksinədir.

Firuzə Alimova / TurpKimi.com